Açılmasına imkan verilməyən cinayət - ölüm faktı var - Prezidentə MƏKTUB

Açılmasına imkan verilməyən cinayət - ölüm faktı var - Prezidentə  MƏKTUB backend

Neçə vaxtdır mətbuatda Şükürov Böyükağa Böyükkişi oğlunun “İstanbul NS” klinikasında şübhəli ölümü ilə bağlı yazılar dərc edilir. Bu ölüm faktında Azərbaycan Respublikası Prokurorluğunun müəmmalı davranışı isə xüsusilə diqqət çəkib. Öldürüldüyü güman edilən şəxsin bacı və qardaşları döymədikləri qapı, yazmadıqları ünvan qalmayıb. Mərhumun qardaş və bacısı qardaşlarının ölümündə şübhəli məqamların olduğunu və cinayət işinin açılmasını istəyirlər. Amma onun şikayətinə baxan yoxdur. O, Baş Prokurorla, Bakı şəhər prokuroru, Nərimanov rayon prokuroru ilə, hətta Azərbaycan Respublikası Prezidentinin köməkçisi − Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərovla və digər rəsmi şəxslərlə dəfələrlə görüşüb, qanun çərçivəsində kömək istəyib. Amma yenə heç bir nəticə hasil olmayıb. Nəhayət Şükürovlar ailəsi son ümid yeri olaraq həmişə haqqın, ədalətin müdafiəçisi olan Azərbaycan Respublikasının Prezidenti hörmətli İlham Əliyevə və Azərbaycan Respublikasının Birinci Vitse-prezidenti hörmətli Mehriban xanım Əliyevaya müraciət etmək məcburiyyətində qalıblar.

QAZİLER.AZ saytı həmin müraciəti olduğu kimi təqdim edir:

“Hörmətli cənab Prezident, hörmətli Mehriban xanım!

Hazırkı ərizə ilə Sizə müraciət etmək məcburiyyətindəyəm. Bilirəm ki, Siz hər zaman haqqın, ədalətin təminatçısı olmusunuz. Dövlətimizin çiçəklənməsi və insan hüquqlarının qorunması sahəsində xidmətləriniz misilsizdir. Məhz bu səbəbdən qarşılaşdığım bir haqsızlıq barədə Sizə məlumat vermək istəyirəm.

 

Qardaşım – Şükürov Böyükağa Böyükkişi oğlu 12.11.2023-cü il tarixdə vəfat etmişdir. Təqdim olunan tibb sənədlərindən belə görünür ki, o, “İstanbul NS” klinikasında dünyasını dəyişmişdir. Halbuki qardaşımın həmin klinikada vəfat etməsi üçün həyati göstərişli bir xəstəliyi olmamışdır.

 

Bu faktın araşdırılması ilə bağlı Nərimanov Rayon Prokurorluğuna müraciət etmişəm. Qardaşımın vəfat etdiyi tarixdən bu günə qədər araşdırmalar aparılır. Ekspertiza nəticəsində müəyyən olunmuşdur ki, qardaşıma vaxtında cərrahi müdaxilə zəruri imiş, lakin bu müdaxilə yerinə yetirilməmişdir.

 

Vaxtında cərrahi müdaxilənin aparılmaması qanunvericiliyin tələblərinə tam ziddir. Qanunvericilikdə cərrahi müdaxilənin hansı hallarda tətbiq olunması və hansı hallarda mümkün olmaması açıq şəkildə göstərilmişdir. Təəssüf ki, bu göstərişlərə əməl edilməmişdir.

 

Açıq-aydın görünür ki, qardaşım ya həkim səhlənkarlığının, ya da hansısa bir qəsdin qurbanı olmuşdur. Bu faktın araşdırılması üçün dəfələrlə müraciət etmişəm. Bir neçə dəfə cinayət işi başlanması rədd edilmişdir, baxmayaraq ki, mövcud ekspertiza rəyləri bu qərarlarla ziddiyyət təşkil edir. Daha sonra həmin rədd qərarları məhkəmə qaydasında ləğv edilmiş və iş yenidən istintaqa qaytarılmışdır.

 

Hazırda iş Yasamal Rayon Prokurorluğundadır. Təəssüf ki, burada da istintaqa səhlənkar yanaşılır. Dəfələrlə qəbulda olmuşam, lakin mənimlə elə münasibət sərgilənir ki, sanki qardaşımın ölümü normal hal kimi qəbul olunur. Elə davranırlar ki, guya o, yaşlı olduğuna görə vəfat edib və yaşlı insanlara tibbi yardım göstərilməməlidir.

 

Baxmayaraq ki, qardaşım müəyyən yaş həddində idi, onun ölümünə səbəb olan əsas amil – vaxtında cərrahi müdaxilənin olunmaması – həkim səhlənkarlığıdır.

 

Sonuncu dəfə Bakı şəhər prokurorunun qəbulunda oldum və mənə bildirildi ki, iş yenidən ekspertizaya göndəriləcək. Müdafiə Nazirliyi Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Mərkəzi tərəfindən verilmiş ekspertiza rəyinə əsasən, qardaşıma vaxtında tibbi müdaxilə olunmalı idi. Mən də qanunvericiliyin tələbinə əsasən, ekspertiza prosesində təqdim etdiyimiz mütəxəssisin iştirakını tələb etmişəm.

 

Cinayət-Prosessual Məcəlləyə əsasən, bu məsələ istintaq orqanı tərəfindən həll olunur. Dəfələrlə müstəntiq mənə bildirib ki, təqdim etdiyimiz mütəxəssisin iştirakı təmin olunacaq və iş Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinə göndəriləcək. Lakin həmin müəssisə ilə əlaqə saxladıqda öyrəndim ki, guya təqdim etdiyimiz mütəxəssisin iştirakı məqsədəuyğun sayılmayıb.

 

Əslində, bu qərarı Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi yox, istintaq orqanı verməlidir. Üstəlik, ilk ekspertiza rəyi ziddiyyətli və qərəzli olmuşdur. Daha sonra iş Müdafiə Nazirliyi Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Mərkəzinə göndərilmiş və tamamilə fərqli bir, obyektiv rəy təqdim edilmişdir.

 

Hazırda iş yenidən Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinə göndərilib. Təəssüf ki, bu dəfə də obyektiv araşdırma aparılmır. Nə bizim təqdim etdiyimiz mütəxəssisin iştirakı təmin edilir, nə də əvvəlki ziddiyyətli rəylərin əsaslandırılması mümkündür. Belə təəssürat yaranır ki, cinayət törətmiş şəxslər bir-birilərini müdafiə edir və bu hadisəni ört-basdır etməyə çalışırlar.

 

Biz ailəlikcə – mən, bacım, digər ailə üzvlərimiz – bu işin ədalətli nəticəsini gözləyirik. Lakin artıq ədalətə inamımızı itirmək ərəfəsindəyik.

 

Hörmətli cənab Prezident, hörmətli Mehriban xanım!

Sizdən xahiş edirəm, bu işin obyektiv və hərtərəfli araşdırılması məqsədilə şəxsi nəzarətə götürülməsini təmin edəsiniz. Həkim səhlənkarlığı və ya digər hüquqazidd hərəkətlər nəticəsində insan həyatının itirilməsi halları cəzasız qalmamalıdır. Azərbaycan vətəndaşı olaraq Sizə və dövlətimizə böyük inam bəsləyirəm. Əminəm ki, bu iş üzrə ədalətli qərar yalnız Sizin diqqətiniz nəticəsində mümkün olacaqdır.

Dəyərli vaxtınızı ayırdığınız üçün Sizə əvvəlcədən təşəkkür edir, dərin ehtiramımı bildirirəm.

Böyük hörmət və təşəkkür hissi ilə Şükürovlar ailəsi adından Qabil Böyükkişi oğlu Şükürov”

 

QAZİLER.AZ