Ölkə əleyhinə fəaliyyətə qarşı mübarizə metodları

Ölkə əleyhinə fəaliyyətə qarşı mübarizə metodları backend

II Dünya müharibəsindən sonra formalaşan, SSRİ-nin dağılması nəticəsində yenidən şəkillənən dünya düzənin dağılmasına bir neçə ildir ki, start verilib. Əslində bu prosesə 2020-ci ildəki məşhur pandemiya ajiotajı ilə start verilmişdi. Öncə daxili qapanmalarla başlanan proses ölkələrin iqitsadi davamlılığını yoxlamaq məqsədi daşıyırdı. Bir illik proses dünya idarəçiləri və ya yeni dünya düzəni memarları üçün aydın iqtisadi mənzərə yaratdı. Normalda siyasətin iqtisadiyyatı idarə etdiyi iddia olunsa da, əslində iqtisadiyyat siyasətin üst qurumu obrazını tarixin hər hansı mərhələsində əldən verməyib. Siyasətə yön verən həm də, maddi imkanlardır. Təsadüfi deyil ki, son bir neçə ildə istər regionda, istərsə də, qlobal dünyada siyasi piyasaya milyarderlər çıxarılır. Ukraynada, Gürcüstanda, ABŞ-da və s. ölkələrdə milyarderlərin seçim turundakı rinqi kifayət qədər ictimai diqqəti öz üzərinə çəkməkdədir.

Müəllif olaraq məsələyə daha geniş rakursdan yanaşmağımız təsadüfi deyil. Çünki yeni dünya düzəni yeni əməkdaşlıqlar vəd edir. Yeni dünya düzəni yeni ideolojilərin təklifi və təlqini deməkdir. Bunun üçün insan resursu olduqca vacib amildir. Artıq bu istiqamətdə fəaliyyətdə debutlər olub. Təsadüfi deyil ki, qonşu İran uzun illərdir ki, anti-Azərbaycan siyasətində mütəmadi rekord təzələyir. Dindən siyasi məqsədlər üçün istifadəni özünə rəva bilən bu ölkə müstəqilliyimizin ilk günlərindən ölkədə agent şəbəkəsi yetişdirməkdədir. Hətta bir müddət öncə İran televiziyaları molla rejiminin Azərbaycandakı tərəfdarlarının sayını təxminən səkkiz faiz olaraq göstərmişdi. Əslində səkkiz rəqəmi təsadüfi deyil. Rəqəmin hər hansı dini və mifik tərəfləri yoxdur, əksinə siyasi tərəfləri var. Politologiyada ölkə daxilində vətəndaşların dörd faizi mövcud olan iqtidara qarşı davamlı etiraz aksiyası keçirərsə istənilən hakimiyyətin devrilməsi zərurəti yarana bilər anlayışı var. Müstəqil və suveren Azərbaycanı özünün daxili auditoriyasından dolayı təhlükə hesab edən İranın səkkiz rəqəmindən istifadəsində əsas məqsədi də, budur – təzyiq etmək üçün iki dəfə artıq qüvvəm var. Əslində İranın bu yanaşması utopikdir. Çünki ölkə daxilində kiçik ölçülü, zehni qüsurlu kəsim istisna, islam inqilabının ölkəyə ixracını kimsə arzulamır. Azərbaycan dünyəvi, müstəqil və unitar dövlətdir. Hər bir Azərbaycan vətəndaşı bu idarəçilk üsulundan razıdır. Lakin yuxarıda qeyd edildiyi kimi qüsurlu zehniyyətlər də, istisna olunmur. Zaman-zaman Azərbaycan xüsusi xidmət orqanlarının apardığı uğurlu əməliyyatlar həmin zehniyyətlərin ifşası ilə nəticələnir. II Vətən müharibəsi dönəmində bu zehniyyətlərin meydanlara çıxmaları, yad adətlərin şəhidlərin dəfn mərasimində tətbiq etmə cəhdləri, islamla daban-dabana zidd olan nüansların təlqini və təbliği meyilləri olduqca artdı. Lakin üç hüquq-mühafizə orqanının birlikdə verdikləri bəyanat anındaca təsir göstərdi. Qəfil meydana çıxan vasitələr, həmin effektlə də, yoxa çıxdılar. Lakin bu tam çıxma və ya yox olma deyildi. Məsələnin ən təhlükəli tərəfləri də məhz budur. Həmin şəxslər yenidən gizli hücrələrə çəkildilər. Növbəti mesaj gələnə qədər. Gizli hücrələr əslində bütün dünyada ən təhlükəli tendensiyalardan biridir. Bu məsələdə kriminal elementlərin olması olduqca inandırıcı nüansdır. Çünki gizli hücrələr adından göründüyü kimi ciddi şəkildə komuflyaj olmağı bacarır. Lazım gəldikdə başqa ad və ya ideoloji ilə yenidən piyasaya çıxa bilirlər. Bu müddət o, vaxta qədər davam edir ki, əsas məqsədlər üçün zaman yetişsin. Milli mental dəyərlərə xas olmayan, xarici ölkələrin xüsusi xidmət orqanları tərəfindən hazırlanmış, dini inancların sarsılmasına yönəli ideolojilərin əsiri olanların İraqda, Suriyada hansı məqsədlə istifadə olunduqları hər kəsə məlumdur. Kişilər onlara aid olmayan münaqişələrdə öldürülür, qadınlar cinsi istismara məruz qalır, uşaqlar potensial terrorçu kimi yetişdirilir. Əslində bu bir millətin faciəsinin başlanğıcı olmaqla paralel, milli genofonda vurulan, sağalması on illər apara biləcək zərbədir. Eyni proses Rusiya ilə də bağlıdır. Bu ölkə də, müstəqilliyin ilk illərində Azərbaycanın parçalanması üçün etnik qruplardan siyasi məqsədlər üçün istifadə etməklə müxtəlif siyasi gedişlər etdi. Lakin Ulu Öndər Heydər Əliyevin siyasi məharəti nəticəsindən çoxsaylı qruplar tam və qəti şəkildə zərərsizləşdirildi. Sual olunur eyni xarakterli, eyni mərkəzdən idarə edilən qrupların yenidən yaranması, meydanlara çıxması günümüzdə mükündürmü? Əslində bu tip təhlükələrdən hər hansı dövlət və ya millət sığortalanmayıb. Təhlükə hər zaman var. Şərq zərb məsəlində deylir; “Ehtiyatsız yola düşmək yolçunu geri dönməyə vadar edər”. Bütün hallarda ehtiyat tədbirləri görülməklə paralel, vətəndaş cəmiyyəti, media bu istiqamətdə ən təsirli vasitədir. Düşünmürəm ki, qanunların sərtləşdirilməsi bu tip tendensiyaların aradan qalxmasına və ya yox olmasına səbəb olacaq. Əslində qanunların sərtləşdirilməsi cinayətin xarakterini və formasını dəyişə bilər. Yəni cinayətkar daha fərqli metodlarla qurtuluş əldə edə bilər. Lakin maarifləndirmə, davamlı təbliğ və təlqin qurtuluş mexanizmi olmaq imkanlarına malikdir. Ölkə prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev ictimaiyyətə yönəli əksər çıxışlarında ictimai nəzarətin vacibliyni qeyd edir. Bu kimi proseslərin qarşısını ala biləcək ən təsirli metodlardan biri də, məhz ictimai nəzarətdir. Azərbaycanı sevməyənlər, bu ölkəyə və xalqa düşmən kəsilənlər, dünyanı ağ və ya qaradan ibarət iki rəngdə görənlər prosesə müxtəlif yarlıqlar yapışdırsalar da, lakin xarici təsirlərdən qurtuluş mexanizmlərindən biri məhz cənab prezidentin təklif etdiyi formatdır.
Yeni dünya düzəni dəyişdikcə Azərbaycana yönəli missiyalar da, yenilənəcək. Təsadüfi deyil ki, əksər dünya dövlətləri medianın və sosial şəbəkələrin bu istiqamətdə ən təhlükəli silah olduqları qənaətindədirlər. Sosial şəbəkə seqmentləri ölkələrin siyasi sabitliyni, milli-mənəvi dəyərlərini, milli təhlükəsizliyni daim təhdid edir. İnsanlar bəzən bilməyərəkdən belə məqsədli şəkildə hazırlanmış tələlərə düşə bilirlər. Bu məsələdə müxtəlif amillər rol oynayır. Maddi təminat, vülqar həyat istəkləri, tez tanınma arzusu, özünüifadə tendensiyası və s. Sosial şəbəkə seqmentləri istifadəçiləri arasında bu prinsipləri özlərinin gündəlik həyat kodeksi hesab edən kifayət qədər nəhəng kütlə var. Təhlükənin mənbəyi də məhz budur. Bəzən azadlıqlar aşırı dərcədə olanda xaosa səbəb olur. Yerində və məqamında deyilmiş kəlamdır. Azərbaycan hüquq-mühafizə orqanlarının bir neçə ay əvvəl başladıqları proses əslində bu xaosun qarşısını hiss ediləcək dərəcədə aldı. Azyaşlıları prosesə cəlb etməklə, ölkənin rəmzlərinə, dövlət atributlarına, vətənin azadlığı uğrunda canından keçən şəhidlərimizə dil uzatmaqla, milli və mental dəyərlərimizi gözdən salmaqla məşğul olan kütlə yaranmışdı. Və ən dəhşətlisi isə bu yad ideolojilərin təsiri Azərbaycan qadınından da, yan keçməmişdi. Ağsaqqal kultu, müqəddəs ana, əvəzolunmaz valideyin obrazı ciddi təhlükə qarşısında idi. Əslində bu seqmentlərin məram və məqsədi məhz həmin şəxslərin, daha doğru ifadə etsək sosial şəbəkə kütləsinin yaranması idi. Qısa zaman kəsimində həmin missionerlər ölkə daxilində buna nail olmuşdularda. Təhlükənin miqyası o, qədər böyük idi ki, artıq orta məktəblərdə belə sosial şəbəkə trendləri yayğın hal almağa başlamışdır. Kamera qarşısında “cəzalandırmalar”, kriminal elementlərin və şəxslərin təbliği, bu istiqamətdə “müsiqilərin” bəstələnməsi, “şeirlərin” yazılması geniş hal almışdır. Nəzarət funksiyasının olmadığını düşünən həmin kütlənin beyninə yeridilmişdi ki, bu məkan sərbəst və özünü ifadə məkanıdır. Hər-hansı biliklərə yiyələnməyən, təhsildən yayınan, hətta psixi sorunları olan şəxslərin hər hansı bir hərəkətləri ilə “məşhurlaşmaları” onlara “fenomen”, “bloger” kimi yeni adların verilməsi, ağıllarına gəlməyəcək dərəcədə vəsaitlərin hər hansı zəhmət çəkmədən əldə edilməsi bu şəxsləri daha da azğınlaşdırmışdı. Telefon ekranında bir düyməyə toxunmaqla ağlına və ağzına gələni ifadə etməklə bu qədər vəsait əldə olunması ilə nəticələnməsi onsuzda doğru yolda olmayanların qırmızı xəttləri keçməsi ilə nəticələndi. Adamlar zəhmətsiz daha çox vəsait əldə etmək üçün qanunla qadağan olunmuş hər şeydən istifadə etməyə başlamışdırlar. Bu şəxslər bu gün də, var. Sabah da, olacaqlar. Tarixin bütün dönəmlərində bu tip zehniyyətlər olub. Lakin onlar xalqın yaddaşında qalmırlar. Bu fakt onları narahat etmir. Bü cür tiplərin ağlı yalnız 24 saat üçün yəni günlük düşünməyə çatır. Bəs elə isə nə etməli? Xalq olaraq dəniz prinsipi ilə yaşamalıyıq. İçimizdəki zibilləri sahilə tullamaqla.

Bu məqalə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə Sosial Tərəqqinin Dəstəklənməsi İctimai birliyinin həyata keçirdiyi "Xarici təsirlər milli təhlükəsizlik problemi kimi" adlı layihəsi çərçivəsində hazırlanmışdır. Məqalədə əks olunan fikir və mülahizələr müəllifə aiddir və Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin mövqeyini əks etdirməyə bilər.

Cavid Şahverdiyev / Conflict.az