Laçın şəhərində bərpa-quruculuq işləri dövlət başçısının tapşırıq və göstərişlərinə uyğun şəkildə mərhələli olaraq davam etdirilir.
Bu barədə Trend-in sualını cavablandıran zaman Laçın rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin rəsmisi Hüseyn Quliyev deyib.
Onun sözlərinə görə, şəhərin infrastrukturunun yenidən qurulması, sosial obyektlərin, yaşayış və inzibati binaların inşası istiqamətində planlaşdırma və hazırlıq işləri davam etdirilir:
"Bu çərçivədə aidiyyəti qurumlar tərəfindən layihələndirmə, texniki-iqtisadi əsaslandırma və digər ilkin mərhələlər üzrə zəruri proseslər həyata keçirilir. Şəhərin gələcək inkişafı üçün yeni çoxmənzilli binaların inşası, həmçinin fərdi evlər üçün yaşayış massivlərinin yaradılması nəzərdə tutulur. Paralel olaraq, su, elektrik, qaz, rabitə və digər mühüm xidmət sahələri üzrə infrastruktur şəbəkələrinin qurulması layihələndirilir. Şəhərin ictimai həyatını canlandıracaq mədəniyyət mərkəzləri, idman qurğuları və digər obyektlərin inşası da əsas inkişaf istiqamətləri sırasındadır".
H.Quliyev qeyd edib ki, park və istirahət zonalarının salınması, ümumi şəhər mühitinin formalaşdırılması üçün konseptual yanaşmalar hazırlanır:
“İl sonuna qədər bu istiqamətdə mühüm layihələrin icrasına başlanılması nəzərdə tutulur. Bu işlər mərhələli şəkildə və müasir şəhərsalma prinsiplərinə uyğun olaraq həyata keçiriləcəkdir. Qeyd edim ki, Laçının gələcək inkişaf konsepsiyası regionun sosial-iqtisadi dirçəlişində mühüm yer tutur və bu istiqamətdə kompleks tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur”