Prezident İlham Əliyev Ramin Quluzadənin rabitə və yüksək texnologiyalar nazirinin birinci müavini təyin edilməsi barədə sərəncam imzalayıb. Bu barədə virtualaz.org saytına hökumətdəki rəsmi mənbələrdən məlumat daxil olub.
R.Quluzadə bundan əvvəl Heydər Əliyev Fondunun işlər departamentinə rəhbərlik edib.Məlumata görə, prezidentin ikinci sərəncamı ilə R.Quluzadə rabitə nazirinin vəzifəsini icra edən şəxs təyin olunub.
38 yaşlı R.Quluzadə bu gün nazirliyin kollektivinə təqdim olunub.
2004-cü ildən Fondda fəaliyyət göstərən Ramin Quluzadə bu qurumun təşkilati işlərində, respublika daxilində və xarici ölkələrdə sosial, humanitar layihələrin həyata keçirilməsində iştirak edib.
Ramin Quluzadə Azərbaycan Prezidentinin 2014-cü ildə imzaladığı Sərəncama əsasən Heydər Əliyev irsinin qorunması və təbliğində səmərəli fəaliyyətinə görə “Tərəqqi” medalı ilə təltif edilib.
1977-ci ildə Bakı şəhərində anadan olub. 1999-cu ildə Azərbaycan Dövlət İqtisad Universitetini magist dərəcəsi ilə bitirib. Ailəlidir, 2 övladı var.