Nazirlik BMT-nin təşkil etdiyi müsabiqələrdə qalib olub

Nazirlik BMT-nin təşkil etdiyi müsabiqələrdə qalib olub backend

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilk dəfə BMT-nin Beynəlxalq Telekommunikasiya İttifaqının təşkil etdiyi beynəlxalq müsabiqələrdə qalib olaraq mükafatlara layiq görülüb.

Qaziler.az xəbər verir ki, nazirliyin “Məzunların məşğulluq reytinqi” layihəsi təşkilatın “WSIS Prizes 2025” beynəlxalq müsabiqəsində “Elektron məşğulluq” kateqoriyası üzrə qalib olub. 1000-ə yaxın layihənin iştirak etdiyi müsabiqədə Nazirliyin texnoloji həlli 18 qalibdən biri seçilərək təşkilatın qalib mükafatını qazanıb.

“Məzunların   məşğulluq   reytinqi”   layihəsi   ali   təhsil   müəssisələrinin   məzunlarının   məşğulluq göstəricilərinə   əsaslanan   məlumatları   ictimaiyyətə   açıq   şəkildə   təqdim   edən   rəqəmsal platformadır. Layihə təhsil və əmək bazarı arasında əlaqələrin gücləndirilməsinə, gənclərin peşə seçiminə dəstək göstərilməsinə xidmət edir.

Həmçinin, Nazirlik təşkilatın “WSIS Photo 2025” foto müsabiqəsinin də qalibi olub. Nazirliyin tabeliyində DOST Rəqəmsal İnnovasiyalar Mərkəzinin əməkdaşının çəkdiyi foto yüzlərlə şəkil arasından 10 qalibdən biri seçilib. Şəkil 7-11 iyul tarixlərində İsveçrədə keçirilən İnformasiya Cəmiyyəti üzrə Dünya Sammitinin “WSIS+20 High-Level Event 2025” sərgisində nümayiş olunur.

Xatırladaq   ki,   İnformasiya   Cəmiyyəti   üzrə   Dünya   Sammiti   BMT-nin   Dayanıqlı   İnkişaf Məqsədlərinin həyata keçirilməsinə dəstək verən və çoxsaylı maraqlı tərəfləri bir araya gətirən platformadır. Tədbir   informasiya   cəmiyyətində   yeni   tendensiyaları   müəyyən   etmək,   təcrübə mübadiləsi və qabaqcıl praktikalara dair unikal imkanlar yaradır.

Eyni zamanda Nazirliyin “Reabilitasiya və Abilitasiya Xidmətləri üzrə Rəqəmsal Platforma” layihəsi isə “Elektron səhiyyə” kateqoriyası üzrə Namizədlik Sertifikatı ilə təltif olunub. Bu layihə əlilliyi olan şəxslər üçün reabilitasiya xidmətlərinə daha asan və rəqəmsal çıxışı təmin etməklə inklüziv sosial xidmət modelinin formalaşmasına xidmət edir.