“Qayıdış yolçuları: Vətənə addım-addım”: Böyük Qayıdışın təbliği - VİDEO

“Qayıdış yolçuları: Vətənə addım-addım”: Böyük Qayıdışın təbliği - VİDEO backend

Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi tərəfindən “Qayıdış yolçuları: Vətənə addım-addım” devizi ilə təqdimat keçirilib. 300-dən çox qonağın iştirak etdiyi tədbirdə işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışa dair I Dövlət Proqramında nəzərdə tutulan tədbirlərin icrası ilə bağlı görülən işlər barədə iştirakçılara məlumat verilib.

Qaziler.az xəbər verir ki, tədbirdə diqqətə çatdırılıb ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə qaçqınların və məcburi köçkünlərin rifahının yaxşılaşdırılması, onların sosial müdafiəsinin gücləndirilməsi istiqamətində ardıcıl və məqsədyönlü siyasət həyata keçirilir. Qeyd olunub ki, Birinci vitse-prezident xanım Mehriban Əliyeva bu kateqoriyadan olan vətəndaşlarla bağlı məsələlərə daim xüsusi həssaslıqla yanaşır və onların sosial problemlərinin aradan qaldırılmasına təsirli dəstək göstərir.

Prezident İlham Əliyevin rəhbərliyi ilə gerçəkləşən Böyük Qayıdışın əsas məqsədi Qarabağda və Şərqi Zəngəzurda dayanıqlı məskunlaşmanın, iqtisadi fəaliyyətə reinteqrasiyanın təmin edilməsidir. Bu sahədə Dövlət Komitəsinin də üzərinə vacib və məsul vəzifələr qoyulub. Qeyd edilib ki, Komitə əhalinin yeni yaşayış şəraitinə adaptasiya olunması üçün reinteqrasiya tədbirlərinin təşkili, məcburi köçkünlər arasında aparılacaq sosioloji sorğu əsasında əhalinin geri qayıdışı ilə bağlı ilkin proqnozların hazırlanması, köç prosesinin təşkili, məcburi köçkünlərin yeni salınmış yaşayış məntəqələrinə geri qayıdışı üçün məlumatlandırma, təbliğat-izahat və təşviqat işlərinin aparılması üzrə tədbirlərin əsas icraçısıdır.

Tədbirdə məcburi köçkünlərin yeni salınmış yaşayış məntəqələrinə könüllü və təhlükəsiz geri dönüşünü təşviq etmək məqsədilə Dövlət Komitəsi tərəfindən hazırlanmış “Bura mənim evimdir” sənədli filmi və müxtəlif təbliğat-izahat xarakterli videoçarxlar nümayiş etdirilib. Tədbir iştirakçıları tərəfindən böyük maraqla qarşılanan video-materiallarda işğaldan azad olunmuş ərazilərdə aparılan bərpa və yenidənqurma işləri, məcburi köçkünlərin həyat şəraiti, eləcə də Böyük Qayıdış prosesinin mühüm tərəfləri əhatəli şəkildə təqdim olunub. Qarabağda və Şərqi Zəngəzurda davamlı və dayanıqlı məskunlaşmanın təmin edilməsində yaşlı nəsillə yanaşı həm də gənclərin rolunun vacibliyi xüsusi vurğulanıb.

Tədbir iştirakçıları Böyük Qayıdış prosesinin sosial, iqtisadi və kommunikativ tərəflərinə dair fikirlərini bölüşüblər.