Daha 8 rayon və şəhərdə minadan zərərçəkənlərin siyahısı dəqiqləşdiriləcək, ehtiyacları öyrəniləcək

Daha 8 rayon və şəhərdə minadan zərərçəkənlərin siyahısı dəqiqləşdiriləcək, ehtiyacları öyrəniləcək backend

İyun ayından Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə Azərbaycanda Minadan Zərərçəkənlərin Assosiasiyası (AMZA) İctimai Birliyi “Mina/PHS hadisəsi və onun təsirlərinin azaldılmasına dəstək” layihənin icrasına başlayıb.

Bu barədə Qaziler.az-a  AMZA-nın sədri Rey Kərimoğlu məlumat verib. Onun sözlərinə görə, rəhbərlik etdiyi təşkilat növbəti dəfə sözü gedən agentliyin müsabiqəsinin qalibi olub.

R.Kərimoğlu qeyd edib ki, layihənin əsas məqsədi Qarabağ müharibəsində və ondan sonrakı mərhələdə mina/PHS (Partlamamış Hərbi Sursatlar) hadisəsi ilə bağlı müvafiq məlumatların, o cümlədən mina/PHS hadisəsindən zərərçəkmiş şəxslərin sosial ehtiyaclarının öyrənilməsi təşkil edir:

“Əvvəlcə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin rəhbərliyinə, layihələrin qiymətləndirilməsini həyata keçirən ekspert heyətinə minnətdarlığımızı bildiririk. Bu il də minadan zərərçəkənlərlə bağlı layihə təklifimizi yüksək dəyərləndiriblər. Qeyd edim ki, təşkilatımız ötən il bu layihəni 11 rayon və şəhərdə (Füzuli, Beyləqan, Ağdam, Ağcabədi, Bərdə, Tərtər, Goranboy, Naftalan, Bakı və Sumaqyıt, Abşeronda) uğurla həyata keçirib.Layihə çərçivəsində minadan və partlamamış hərbi sursatlardan zərər çəkmiş şəxslərin 11 rayon və şəhərdə  siyahısını müəyyənləşdirib onların ehtiyaclarını öyrəndik. Layihənin sonunda əldə edilmiş nəticələr təhlil edilərək geniş hesabat hazırlandı. Geniş bir tədbir keçirilərək bu hesabat QHT Agentliyinə, nazirliklərə, müvafiq dövlət qurumlarına təqdim edildi. Eyni zamanda, bu hesabat ölkəmizdəki səfirliklərin, beynəlxalq təşkilatların nümayəndələrinə də təqdim edildi.

Bu il isə layihə çərçivəsində səkkiz rayonda və şəhərdə (Qazax, Tovuz, Ağstafa, Şəmkir, Göygöl, Daşkəsən, Gədəbəy rayonlarında, Gəncə şəhərində) icra edəcəyik. Qeyd edim ki, adıçəkilən rayon və şəhərlərdə beynəlxalq forma olan İMİSMA agentləri ilə sorğular keçiriləcək. Toplanacaq məlumatlar mina/PHS-lərin insanların həyat və sağlamlığına vura biləcəyi zərərin qarşısının alınması və zərərin azaldılması, zərərçəkmiş şəxslərin sosial vəziyyətinin yaxşılaşdırılması üzrə effektiv proqramların hazırlanması üçün istifadə etməyi nəzərdə tuturuq. Bu mina/PHS hadisələrindən zərərçəkmişlərin və hadisənin fəsadlarının azalmasına,  zərərçəkmişlərin sosial vəziyyətinin yaxşılaşmasına doğru dəyişəcək. Xüsusi ilə qeyd edim ki, biz layihənin icrası zamanı Azərbaycan dövlətinin, Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) müəyyənləşdirdiyi prioritetlər nəzərə alacağıq. Onu da vurğulayım ki, sonuncu dəfə bu iş bütün ölkə üzrə 2004-2005-ci illərdə ANAMA-nın rəhbərliyi ilə Beynəlxalq Avrasiya Mətbuat Fondu və bir neçə digər tərəfdaş QHT tərəfindən həyata keçirilib. Amma bildiyiniz kimi, o vaxtdan 20 il keçib. Onlar arasında dünyasını dəyişənlər var, eyni zamanda ehtiyacları da dəyişib. Digər tərəfdən 2005-ci ildən üzü bəri 2016-cı ildə aprel döyüşləri, 2020-ci ildə 44 günlük Vətən Müharibəsi, 2023-cü ilin sentyabrında anti-terror əməliyyatları olub. Xeyli insan minadan zərər çəkib. ANAMA-nın təqdim etdiyi rəsmi məlumatlara görə, 1991-ci ildən 2025-ci ilin 2 iyun tarixləri müddətində mina qurbanlarının sayı 3 400-dən artıqdır. Onlardan 362 nəfəri uşaq, 38 nəfəri qadınlardır. 2020-ci ilin noyabr ayından 2025-ci ilin 2 iyun tarixləri müddətində mina qurbanlarının sayı 398 nəfər təşkil edir. Onlardan 70-i həlak olub, 328-i yaralanıb.”

R.Kərimoğlu qeyd edib ki, layihədə çalışanlar əsasən minadan zərərçəkənlərin özləridir.

Diaspora