"Qarabağ"ın futbolçularının bu torpaqlara gəlmək və yerli sakinlərlə birgə vaxt keçirmək borcudur.
"Report"un Qarabağa ezam olunan əməkdaşı xəbər verir ki, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov jurnalistlərə açıqlamasında deyib.
O, Ağdam təmsilçisinin futbolçularının, məşqçi heyəti və rəsmilərinin işğaldan azad olunmuş bölgələrdə yerli sakinlərə görüşündən danışıb:
"Belə bir səfəri reallaşdırmağı çoxdan arzulayırdıq. Bu günə qismət imiş. Çox xoş təəssuratlar yaşadıq. Bəzi yerləri görməmişdik, sadəcə, eşitmişdik. Artıq bu barədə də məlumatımız oldu. İşğaldan azad olunmuş torpaqlarda işlər surətlə davam edir. Əvvəllər bu şəhərləri görmədən sevirdik. İndi görərək sevirik. Bəzi legionerlər bir dəfə artıq bu torpaqlarda olublar. "Qarabağ" futbolçularının bu torpaqlara gəlmək və yerli sakinlərlə birgə vaxt keçirmək borcudur. Təəssüf ki, çox zamanımız olmur. Çünki bizi qarşıda UEFA Çempionlar Liqasının görüşləri gözləyir. Əsas odur ki, azarkeşlərimizlə yerində görüşdük. Onların sevgisini hiss edirik".
Qeyd edək ki, "Qarabağ" klubunun üzvləri bu gün Şuşada şəhər sakinləri, Şuşa 1 saylı tam orta məktəbin şagirdləri, Xankəndidə Qarabağ Univetsitetinin tələbələri ilə görüşüblər. Onlar həmçinin İmarət Kompleksində gedən işlərlə tanış olub, Ağdam Cümə məscidinə baş çəkiblər.