Bakılı milyarder Moskvada həbs edilib

Bakılı milyarder Moskvada həbs edilib backend

Moskvanın Presnensk Rayon Məhkəməsi biznesmen Roman Manaşirovun iki ay həbs olunması barədə qərar verib. Lent.az-ın anspress-ə istinadən məlumatına görə, Manaşirov 2 milyon rubl (32 min 600 manat) rüşvət verilməsində vasitəçilikdə ittiham olunur.

İstintaqın versiyasına görə, Manaşirov öz biznesmen həmkarı Januko Rafailovun rüşvətini Moskva Daxili İşlər Nazirliyinin müstəntiqləri Viktor Rubaşkin və Vladimir Andrievskiyə verməkdə vasitəçilik edib. İstintaqda olduğu son iki gün ərzində Manaşirov bir neçə dəfə səhhətinin pis olduğunu bildirərək sağlamlıq vəziyyətinə görə sərbəst buraxılmasını tələb edib.

Hüquq-mühafizə orqanlarında olan mənbə bildirib ki, Manaşirov və onun nümayəndələri biznesmenin ürəyində yaranmış problemlərə görə dəfələrlə təcili yardım çağırıb. Vəkillər biznesmenin səhhətində yaranmış problemlərə görə onun azad edilməsini xahiş ediblər.

Ancaq Manaşirovu həbsdən xilas etməyə Dumanın deputatı İldar Samievin zəmanəti də kömək olmayıb. Parlament üzvü şəxsən İstintaq Komitəsinin binasına gedərək, müstəntiqlərə öz çoxdankı dostunu buraxmağı xahiş edib.

Qeyd edək ki, Manaşirov 1969-cu il mayın 10-da Bakıda dağ yəhudilərinin ailəsində doğulub. Uşaqlıq və gəncliyinin çox hissəsini Manaşirov Quba rayonunun Qırmızı qəsəbəsində keçirib. 1986-cı ildə məktəbi bitirdikdən sonra Roman hüquq təhsili almaq məqsədi ilə Moskvaya köçüb. O, Rusiya paytaxtının ən böyük sahibkarlarından sayılır, paytaxtda böyük inşaat biznesinə malikdir. "Praqa pasajı", "Armada" MTK, Qrand Siti ticarət-sərgisi kompleksləri və başqa obyektlərin şərikidir. Bəzi mənbələr Manaşirovun kapitalını 700 milyon dollar civarında qiymətləndirir.