Şirin Mirzəyev və silahdaşlarının məzarı ziyarət olundu - FOTO

Şirin Mirzəyev və silahdaşlarının məzarı ziyarət olundu - FOTO backend

20 iyun 1992-ci ildə dəfn olunan şəhid əfsanəvi komandir, Azərbaycanın Milli Qəhrəmanı Şirin Mirzəyevin məzarı ziyarət edilib.

Qaziler.az xəbər verir ki, bu barədə Şirin Mirzəyevin döyüşçüsü olmuş Qarabağ qazisi, jurnalist Rey Kərimoğlu məlumat verib.

"Şirin Mirzəyev 18 iyun 1992-ci ildə Ağdam-Ağdərə istiqamətində gedən döyüşlərdə minaya düşərək şəhid olub. Şirin Mirzəyevlə birlikdə 708 saylı briqadanın tank taborunun komandiri baş leytenant Qahir Hüseynov, 836 saylı alayın kəşfiyyat dəstəsinin (xüsusi təyinatlı hücum dəstəsinin) komandiri baş leytenant Yavər Babayev, Mübariz və Araz Mirzəyev şəhid olublar.

Hər il döyüşçü yoldaşları onun Bakı şəhərindəki məzarını ziyarət edir. ruhuna dualar oxunur, həlak olmuş beş şəhid anılır, Şirin Mirzəyev başda olmaqla o şəhidlərin döyüş yolundan söz açılır.

Qeyd edim ki, 44 günlük müharibə və ondan sonrakı antiterror əməliyyatından sonra hər il Şirin Mirzəyev və silahdaşlarının şəhid olduqları ərazi ziyarət olunur. Həmin ərazi Ağdam-Ağdərə istiqamətində yerləşir. 

Ziyarətçilər sonra Şirin Mirzəyevin sadiq silahdaşı şəhid Hidayət İbrahimovun və Allahverdi Qənbərovun məzarlarını ziyarət etdilər.  Allah Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçmiş bütün şəhidlərimizə rəhmət eləsin"", - Rey Kərimoğlu deyib.

Xatırladaq ki, Şirin Vəli oğlu Mirzəyev 1947-ci il yanvar ayının 5-də Xankəndində anadan olub. 1965-ci ildə Xankəndindəki 4 nömrəli beynəlmiləl orta məktəbi bitirib. 1966-cı ildə keçmiş SSRİ Daxili İşlər Nazirliyinin Daxili Xidmət Qoşunlarının 5456 saylı hərbi hissəsində xidmətə başlamış, 1967-ci ildə oradan SSRİ Daxili İşlər Nazirliyinin Ali Siyasi Məktəbinə göndərilmişdir. 1971-ci ildə həmin ali məktəbi bitirərək 20 il SSRİ Daxili İşlər Nazirliyi Daxili Xəidmət Qoşunlarının müxtəlif hissələrində xidmət etmişdir. 1990-cı ilin oktyabr ayında polkovnik-leytenant rütbəsi almışdır. 1991-ci ilin əvvələrində sovet ordusunda xidmətdən imtina edib.

1991-ci ildə o, Ağdama gələrək Azərbaycan Milli Ordusunun ilk qaranquşu sayılan 836 saylı Ağdam Ərazi Özününmüdafiə alayını yaratmışdır.

Polkovnik - leytenant Şirin Mirzəyevin yaratdığı alay Ağdam rayonunun kəndlərini müdafiə etməklə yanaşı, 1992-ci ilin fevral ayının 8-də Əsgəran rayonunun Fərrux kəndini, həmin ilin mart ayının 4-də Ağdərə rayonunun Qazançı kəndini, may ayın 10-da Əsgəran rayonunun Naxçıvannik, Pircamal, Dəhraz və Ağbulaq kəndlərini, iyun ayının 12-də Ağdərə rayonunun Qazançı, Bəşirlər, Qaraşlar, Sırxavənd və Ballıqaya kəndlərini erməni işğalçılarından azad etmişdir.

QAZİLER.AZ

 

Diaspora