Oğuz-Qəbələ-Bakı su xəttindəki qəza aradan qaldırılıb

Oğuz-Qəbələ-Bakı su xəttindəki qəza aradan qaldırılıb backend

Oğuz-Qəbələ-Bakı su kəmərinin 228-ci kilometrində baş verən qəzanın aradan qaldırılması işləri yekunlaşıb.

Bu barədə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) tabeliyində olan İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən məlumat verilib.

Bildirilib ki, hazırda xəttin su ilə doldurulması prosesinə başlanılıb.

Qəza baş vermiş xəttə borunun zədələnmiş hissəsi xüsusi texnika vasitəsilə çıxarılaraq yeni boru ilə əvəzlənib. Su sızmaların qarşısını alınması məqsədilə boruların birləşmə yerlərində möhkəmləndirmə və hidroizolyasiya işləri aparılıb.

Kəmər içməli su ilə doldurulduqdan sonra su Bakı şəhəri və Abşeron yarımadasının müvafiq anbarlarına ötürüləcək. Məhz bu prosesin ardından iyunun 20-i axşam saatlarından etibarən abonentlərin əvvəlki rejimlə su ilə təminatı həyata keçiriləcək.

Qurum xüsusilə diqqətə çatdırır ki, iri həcmli magistral su kəmərlərində təmir-bərpa prosesində əsas vaxt aparan mərhələ - magistral kəmərin boşaldılması və yenidən doldurulması mərhələləridir.

Hazırda Oğuz-Qəbələ-Bakı su kəməri ilə qidalanan ərazilərin alternativ mənbələr hesabına qrafikdən kənar su ilə təmin olunmasına çalışılır.

Report.az

Diaspora