Xocalı faciəsinin qurbanları Dubay və Şimal əmirliklərində də anılıb

Xocalı faciəsinin qurbanları Dubay və Şimal əmirliklərində də anılıb backend

Azərbaycannın Dubay və Şimal əmirliklərindəki Baş konsulluğu Xocalı faciəsi qurbanlarının xatirəsinə həsr olunan tədbir keçirib.

Konsulluqdan Trend-ə verilən məlumata görə, Xocalı faciəsi zamanı həlak olan şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra çıxış edən Azərbaycan Respublikasının Dubay və Şimal əmirliklərindəki baş konsulu Pərviz İsmayılzadə çıxışı zamanı Xocalı soyqırımının Azərbaycan və ümumiyyətlə bəşər tarixində ən dəhşətli və faciəli səhifələrindən biri olduğunu, fevralın 25-dən 26-na keçən gecə erməni hərbi birləşmələrinin Xocalı şəhərini yerlə-yeksan etməsini, 613 sakinin qətlə yetirməsini, gühansız insanlara, hətta qadınlara, uşaqlara və yaşlılara belə rəhm edilmədiyini diqqətə çatdırıb.

Daha sonra Türkiyə Respublikasının Dubay və Şimal əmirliklərindəki baş konsulu Ərdəm Ozan çıxış edərək, qardaş ölkəyə qarşı törədilmiş bu hadisələrə görə dərin təəssüf hissi keçirdiyini bildirib və Allahdan bütün şəhidlərimizə rəhmət diləyib.

Çıxışın ardından, Azərbaycan icmaları və xarici ölkələrin mətbuat nümayəndələri üçün xüsusi hazırlanmış ingilis dilində “Xocalı faciəsi” adlı film nümayiş olunub.

Sözügedən tədbirdə MDB ölkələrinin baş konsulları, ARDNŞ, Azərbaycan Hava Yolları, Azərbaycan Beynəlxalq Bankı və diasporun Dubay şəhərindəki nümayəndələri, Dubay rəsmiləri və Skaylayn (Skyline) Universitetinin əməkdaşları, Dubay və Şarca əmirliklərində təhsil alan azərbaycanlı tələbələr, yerli KİV nümayəndələri və digər qonaqlar iştirak ediblər.

Əcnəbi vətəndaşların daha da dərindən məlumat əldə etmələri məqsədilə faciə ilə bağlı kitab və broşürlərdən ibarət kiçik stend və fotoslayd qurulub.
Diaspora