Bu gün hər yerdə son zəng çalınır. Artıq 14 İyun tarixini bayram kimi qeyd etmək bir adətə çevrilib. Keçmiş məcburi köçkün olan Xankəndi sakinləri də illər öncə reallaşdıra bilmədikəri arzularını bu gün Xankəndi şəhər N. Gəncəvi adına 4 nömrəli orta məktəbdə təşkil edilən "Son zəng" tədbirində gerçəyə çevirdilər.
Qaziler.az bildirir ki, Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, bu gün son zəng orta məktəbdə 11-ci sinifi bitirib məzun olan şagirdlərlərlə bərabər düz 37 il əvvəl Xankəndi şəhər N. Gəncəvi adına 4 nömrəli orta məktəbinin 1987-88 tədris ilinin məzunları üçün də çalındı.Həmin ilin məzunları bilirdilər ki, ermənilərin işğalçılıq siyasəti nəticəsində öz doğma yurd-yuvalarından didərgin düşərək köçkün həyatı yaşadılar. Bu səbəbdən də onlar orta məktəbin 11-ci sinfində təhsil alsalar da son zənglərini keçirə bilmədilər. Hər zaman doğma torpaqlara qayıtmaq ümidi ilə yaşadılar. Bütün Azərbaycan xalqı kimi onların bu arzusunu lokal xarakterli antiterror əməliyyatları zamanı Azərbaycan ordusu gerçəkləşdirdi. Ötən ilin sentyabr ayında istifadəyə verilən Xankəndi şəhər 4 nömrəli orta məktəb onlar üçün doğma bir məkandır. Bu il məktəbin şagirdləri bir araya toplanaraq, 37 il əvvəl yarımçıq qalan arzularını reallaşdırdılar. 1988- ci illin məzunları bu qürurverici günü birlikdə yaşadılar. Qocaman məzunlar ilk öncə onlarla birlikdə təhsil alan birinci Qarabağ müharibəsində - 1992- ci ildə şəhid olan sinif yoldaşları Fərhad Rəhman oğlu Atakişiyevin məzarını ziyarət edərək qəbriüstə gül dəstələri düzüblər.
Çünki onlar birlikdə oxumağı, birlikdə sevməyi və birlikdə kədərlənməyi öyrənmişdilər. Bunu 37 ildən sonra reallaşan həmin məktəbin məzun və müəllimlərinin görüşündə açıq-aydın görmək mümkün idi.Növbə ilə hər kəsin öz hisslərini bölüşdüyü tədbirdə çıxış edənlər, səbəbkarları təbrik ediblər. Son zəngin səsinə kövrələn bu məzunlar, bu gün mahnı sədaları altında sevinclə rəqs ediblər.





