Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində ölkəmizdə səfərdə olan Özbəkistan Respublikasının məşğulluq və yoxsulluğun azaldılması nazirinin müavini Rano Turdiboyeva ilə görüş olub.
ƏƏSMN-dən Qaziler.az-a bildirilib ki, əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Vüsal Nəsirli qardaş ölkələr olan Azərbaycan və Özbəkistan arasında münasibətlərin daim inkişaf etdiyini bildirib. Azərbaycan Prezidenti İlham Əliyev və Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin səyləri ilə iki ölkə arasında əlaqələrin yeni inkişaf mərhələsinə qədəm qoyduğu vurğulanıb.
2023-cü ilin avqust ayında hər iki dövlət başçısının imzaladığı “Azərbaycan Respublikasının və Özbəkistan Respublikasının Ali Dövlətlərarası Şurasının yaradılması haqqında Müqavilə”nin strateji tərəfdaşlığın dinamik inkişafının təmin edilməsində xüsusi önəmi qeyd olunub.
Azərbaycanda əmək və məşğulluq, sosial müdafiə sahələrində son illər aparılan islahatlar, DOST konsepsiyası, dövlət sosial xidmətlərinin elektronlaşdırılması istiqamətində əldə olunan uğurlar barədə məlumat verilib.
Görüşdə ölkələrimiz arasında sosial sahədə əlaqələrin də daim genişlənməkdə olduğu qeyd edilərək, islahatlar prosesində qarşılıqlı təcrübə mübadilələrinin əhəmiyyətindən bəhs olunub. Əmək və məşğulluq sahələrində gələcək əməkdaşlıq məsələləri müzakirə olunub.
Həmçinin aktiv məşğulluq proqramları, məşğulluq xidmətlərinin rəqəmsallaşdırılması, gənclər və əhalinin həssas qrupları üçün peşə hazırlığı və s. sahələrdə təcrübə mübadilələrinin həyata keçirilməsinə, birgə seminar və dəyirmi masaların təşkilinə dair fikir mübadiləsi aparılıb.


