Qış mövsümü ilə əlaqədar istilik sistemlərinin işə salınmasına baxmayaraq, Bakı şəhərinin yaşayış, təşkilat, məktəb-təhsil binalarının əksər hissəsinə hələ də istilik verilməyib.
“Xəbərçi”-yə qonaq olan “Azəristiliktəchizat” ASC-nin xidmət rəisi Rafiq Əliyev və “Azəriqaz” İB-nin mətbuat xidmətinin rəhbəri İbrahim Kərbəlayev bu məsələyə studiyada aydınlıq gətirib.
“Azəriqaz” İB-nin mətbuat xidmətinin rəhbəri vurğulayıb ki, SOCAR Azərbaycanda mavi qazın verilməsində vəziyyətin yaxşılaşdırılması üçün çalışır. İstiliklə bağlı yaranan problemlərə gəlincə isə o bunu belə izah etdi:
“Əhalinin qaz ilə təmin olunmasında heç bir məhdudiyyət yoxdur. Bəzi 200-yə yaxın qazanxanalara isə mavi qaz verilib.Həftənin sonuna kimi 1000 manata qədər borcu olan qazanxanaların açılması da gözlənilir. Bu biz tərəfədən atılan humanist addımdır".
Noyabr ayının 15-dən işləməli olan qazanxaların bəzilərinin hələ də işə düşməməsinə isə “Azəristilik” AC-nin xidmət rəisi belə aydınlıq gətirərək bildirib ki, qazanxanalarda yaranan problemlər üzündən bəzi ərazilərə istiliyin verilməsi yubanıb.
Aparıcının qonaqlara ünvanladığı bu borclar niyə yaranıb? sualına isə Rafiq Əliyev belə cavab verdi:
“Biz əhalidən daxil olan vəsaitləri tam yığırıq və bunu imkan qədər borclarımızın ödənilməsinə yönləndirik. Amma əhaliyə verdiyimiz istilik enerjisinin dəyəri 1kvadrat metr üçün 15 qəpikdir. Bu isə maya dəyərindən bir neçə dəfə aşağıdır. Bizim ziyana işləməyimiz borclarımızı tam ödəməyə imkan vermir”.
Studiyadakı qonaqlar istilik enerjisində hələ ki, qiymət artımı gözlənilmədiyini də söylədilər.
Rafiq Əliyev isə əhalini əmin etdi ki, onlara xidmət göstərilməyən günlərin pulu alınmayacaq. Gün ərzində 1kvadrat metrə düşən 15 qəpikdən hesablamalar yerinə yetiriləcək. Bu həftə ərzində isə bütün yerlər istilik enerjisi ilə tam olaraq təmin olunacaq.