Kursantların vəzifələri, eləcə də gizirlər, miçmanlar, zabitlərin hüquqlarına bir sıra dəyişikliklər edilib.
AZƏRTAC xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Azərbaycan Respublikası Silahlı Qüvvələri İntizam nizamnaməsinin təsdiq edilməsi haqqında”, “Azərbaycan Respublikası Silahlı Qüvvələri Qarnizon və qarovul xidmətləri nizamnaməsinin təsdiq edilməsi haqqında”, “Azərbaycan Respublikası Silahlı Qüvvələri Daxili xidmət nizamnaməsinin təsdiq edilməsi haqqında”, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin təsdiq edilməsi barədə” və “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanunlara dəyişiklikləri təsdiqləyib.
Belə ki, müddətli həqiqi hərbi xidmət qulluqçuları hesab olunan əsgərlərə (matroslara) münasibətdə şamil olunan bir sıra normalar kursantlara münasibətdə də tətbiq ediləcək. Bununla da, kursant hərbi rütbəsi əsgər (matros) hərbi rütbəsinə bərabər tutulacaq. Belə ki, kursantlar normativ hüquqi aktlarla müəyyən edilmiş vəzifələri yerinə yetirəcəklər.
Bununla bərabər, “Kursant” hərbi rütbəsi hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisələrində təhsil alanlara (magistratura və adyunktura səviyyələrinin proqramları üzrə təhsil alanlar istisna olmaqla) həmin təhsil müəssisələrinə daxil olduğu gündən veriləcək.
Hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisələrinə daxil olana qədər “kursant” hərbi rütbəsindən yuxarı hərbi rütbə almış hərbi qulluqçuların və hərbi vəzifəlilərin rütbələri saxlanılacaq və onlar kursantların hüquqlarından istifadə etməklə onların vəzifələrini yerinə yetirə biləcəklər.
Normativ hüquqi aktlarda nəzərdə tutulmuş hallarda “kursant” hərbi rütbəsində ehtiyata buraxılmış hərbi qulluqçuların ehtiyatda olma müddətləri əsgər və matroslar üçün müəyyən edilmiş ehtiyatda olmanın yaş hədlərinə uyğun hesablanır.
Digər dəyişikliklə gizirlərə, miçmanlara, zabitlərə və kursantlara intizam tənbehi qaydasında həbs cəzasının tətbiqinə dair normalar ləğv olunur.
Belə ki, gizirlər, miçmanlar, zabitlər, eləcə də hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisələrinin kursantları bu siyahıdan çıxarılır, həbs edilməyəcəklər. Başqa sözlə, rütbəsi böyük olanın yanında kiçik rütbəli hərbi qulluqçu hərbi intizamı, ictimai asayişi, yaxud əsgəri salamvermə qaydasını pozarsa, böyük rütbəli hərbi qulluqçu onu məzəmmət, bu, istənilən nəticəni vermədikdə isə onu (gizirlər, miçmanlar, zabitlər, eləcə də hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisələrinin kursantları istisna olmaqla) həbs edə biləcək. Belə hallarda əsgərləri, matrosları və çavuşları generalların, admiralların və bütün zabitlərin həbs etmək hüquqları olacaq.