Azərbaycan Hökuməti tərəfindən Suriyadan ölkəmizə repatriasiya olunmuş daha 13 nəfər vətəndaşımız Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyinin sosial xidmət müəssisəsinə yerləşdirilib.
Qaziler.az xəbər verir ki, onlardan 9-u uşaq, 1-i kişi, 3-ü isə qadındır.
Repatriasiya olunmuş şəxslərlə sosial xidmət müəssisəsində ilkin tibbi, sosial-psixoloji dəstək işləri aparılıb.
Növbəti mərhələdə isə repatriasiya olunmuş şəxslərin Agentliyin sosial işçiləri və psixoloqları tərəfindən sosial-psixoloji vəziyyətləri qiymətləndirilib. Hazırda hər bir repatriantla bağlı fərdi inkişaf planı əsasında sosial-psixoloji dəstək tədbirləri həyata keçirilir.
Repatriantların sosial reabilitasiyası onların öz mənşə ailələrində digər aidiyyəti qurumlarla qarşılıqlı əməkdaşlıq şəraitində davam etdirilir.
Sosial Xidmətlər Agentliyi tərəfindən son illərdə 550-yə yaxın repatriant sosial reabilitasiya və re-inteqrasiya xidmətləri ilə təmin edilib.