17 il əvvəl həlak olan mayora şəhid statusu veriləcək - Yoldaşından AÇIQLAMA

17 il əvvəl həlak olan mayora şəhid statusu veriləcək - Yoldaşından AÇIQLAMA backend

Məhkəmə 2008-ci ildə həlak olan Müdafiə Nazirliyinin mayoru Rövşən Abbasova şəhid statusunun verilməsinə qərar verib.

Modern.az-ın məlumatına görə, müvafiq qərar Gəncə İnzibati Məhkəməsi tərəfindən qəbul edilib.

Məlumata görə, mayor 2006-cı ilin noyabr ayında N saylı hərbi hissənin qərargah rəisi vəzifəsində çalışarkən döyüş postunu yoxlayıb hərbi hissəsinə qayıdan zaman avtomobil qəzası keçirib.

Aldığı ağır kəllə beyin travması nəticəsində 2006-cı il noyabr ayından 2007-ci ilin aprel ayına kimi Mərkəzi Klinik Hərbi Hospitalda komatoz vəziyyətdə müalicə alıb, 2007-ci ildə zabit istefaya buraxılıb və ona əlillik təyin olunub. O, aldığı ağır travmadan 11 mart 2008-ci ildə vəfat edib.

Qeyd edək ki, mərhum R.A.Abbasovun meyiti müayinə olunmadığından onun ölümünün səbəbi haqqında qəti fikir söyləmək mümkün olmadığı əsas gətirilərək ona şəhidlik statusu verilməyib. İş materiallarının tədqiqindən belə qənaətə gəlinib ki, mərhum mayor döyüş postunu yoxladıqdan sonra, yəni xidməti vəzifəsini icrası zamanı, qayıdarkən avtoqəzaya düşüb. Ölümün səbəbli əlaqəsi xidməti zamanı avtoqəzada almış olduğu xəsarətlər olub

Gəncə İnzibati Məhkəməsinin qərarı ilə mərhumun həyat yoldaşının iddiası təmin edilib. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə şəhid statusunun verilməsi tələbi qoyulub.

Modern.az mərhumun həyat yoldaşı Elnurə Abbasova ilə əlaqə saxlayıb. 

E. Abbasova qeyd edib ki, həyat yoldaşının vəfatından 2-3 il sonra şəhidlik statusunun verilməsi ilə bağlı müraciət etsələr də, işə baxılmadan bağlanmışdı: “O vaxt həyat yoldaşımın qardaşı ilə atası da sağ idi, onlar vəfat etdikdən sonra mən tək qaldım deyə yenidən müraciət etmək imkanım olmadı”.

Qərarın icrası ilə bağlı Elnurə Abbasova bildirdi ki, hələ ki, xəbər gözləyir, qərarın icrası ilə bağlı onlara nəsə deyilməyib.

“Atası ilə anası həmişə danışırdı ki, uşaqlıqdan hərbiyə xüsusi marağı olub, ali məktəbi bitirdikdən sonra öz istəyi ilə kəşfiyyatçı oldu. Hər günü səngərdə, cəbhə xəttində keçirdi. Ömrünün 16 ilini hərb sahəsinə verdi”- deyə o bildirib.  

Qeyd edək ki, Rövşən Abbasovun həm də 23 və 19 yaşlı iki qızı var.

Diaspora