Millət vəkili Qənirə Paşayeva Uşaq Hüquqlarının Müdafiəsi günü ilə bağlı Autizm Defektoloji və Psixoloji Yardım Mərkəzi İctimai Birliyi, Təhsil Problemləri İnstitutu (ARTPİ) və rəhbərlik etdiyi Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İB tərəfindən təşkil olunan görüşdə autizm sindromlu övladı olan bir çox ailələrlə görüşüb.
Lent.az-ın məlumatına görə, millət vəkili autizm sindromundan əziyyət çəkən uşaqların problemləri ilə bağlı qanunvericilik sahəsində qısa bir zamanda addımlar atılması ilə yanaşı autizmli uşaqlar üçün xüsusi bir dövlət mərkəzinin yaradılmasına ciddi ehtiyac olduğunu bildirib.O, deyib ki, bu uşaqların cəmiyyətə daha yaxşı inteqrasiyası üçün həmin mərkəzdə uşaqlar pulsuz, dövlət hesabına peşəkar mütəxəssislər tərəfindən lazımi dəstəyi alarsa onlarla gözəl balalarımızın gələcəyini xilas edə bilərik.
Q. Paşayeva autizmlə bağlı ailələrin, cəmiyyətin geniş maarifləndirilməsini, peşəkar kadrların hazırlanması məsələsini də xüsusi vurğulayıb. Maarifləndirmə məsələsində KİV-lərimizin də üzərinə böyük bir missiya düşdüyünü deyən millət vəkili Q. Paşayeva görüşdə iştirak edən hər bir ailə, autizmli uşaqla ayrıca da söhbət edib və onlara hədiyyələr təqdim edib.