Beynəlxalq Əmək Konfransının sessiyası çərçivəsində ikitərəfli görüş keçirilib

Beynəlxalq Əmək Konfransının sessiyası çərçivəsində ikitərəfli görüş keçirilib backend

Beynəlxalq Əmək Təşkilatının (BƏT) Cenevrədə (İsveçrə) keçirilən Beynəlxalq Əmək Konfransının 113-cü sessiyasında iştirak edən Azərbaycan nümayəndə heyətinin rəhbəri, əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev sessiya çərçivəsində BƏT-in Baş direktoru Jilber Hunqbo ilə görüşüb.

Qaziler.az xəbər verir ki, nazir BƏT ilə Azərbaycan arasında əməkdaşlığın daim genişləndiyini, Təşkilatın Baş direktorunun cari ilin aprel ayında Bakıya səfərinin bu əlaqələrin inkişafında önəmini diqqətə çatdırıb. Azərbaycanın ötən dövrdə BƏT-in 59 Konvensiyasına qoşulduğu qeyd olunub.

Bildirilib ki, hazırda ölkəmiz tərəfindən BƏT-in daha üç Konvensiyasının ratifikasiyası imkanları qiymətləndirilir. Azərbaycanla BƏT arasında iki Layiqli Əmək üzrə Ölkə Proqramı uğurla icra olunub və növbəti Ölkə Proqramının imzalanması nəzərdə tutulur.

İslam Əməkdaşlıq Təşkilatının Bakıda yerləşən Əmək Mərkəzi ilə BƏT arasında sıx əməkdaşlığın əhəmiyyəti, işğaldan azad edilmiş ərazilərimizdə layiqli məskunlaşma, məşğulluq və iqtisadi fəallığın təmin olunması üçün aparılan işlər diqqətə çatdırılıb.

Jilber Hunqbo Azərbaycanın BƏT-lə fəal əməkdaşlığından məmnunluğunu, bu ilin aprel ayında ölkəmizə etdiyi səfərlə bağlı xoş təəssüratlarını qeyd edib.

BƏT-in Avropa və Mərkəzi Asiya üzrə regional direktoru Beate Andres ilə də görüş olub. Hər iki görüşdə Azərbaycanla bu Təşkilat arasında gələcək əməkdaşlıq məsələləri müzakirə edilib.

Sessiya çərçivəsində Anar Əliyevlə Türkiyənin əmək və sosial müdafiə naziri Vedat İşıkhanın da görüşü olub. Azərbaycan və Türkiyənin dövlət başçılarının birgə səyləri ilə iki qardaş ölkənin dostluq və qardaşlığa əsaslanan münasibətlərinin daim inkişaf edərək müttəfiqlik səviyyəsinə yüksəldiyi vurğulanıb. 

Müvafiq fəaliyyət sahələrində aparılan islahatlardan və əməkdaşlıq gündəliyi üzrə görülən işlərdən bəhs olunub. BƏT-in müvafiq konvensiyalarının ratifikasiyası, bu Təşkilat çərçivəsində əməkdaşlıq məsələlərinə, əmək və sosial müdafiə sahəsində əlaqələrin gələcək inkişafına dair fikir mübadiləsi aparılıb.

Diaspora