Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyində müharibə ilə əlaqədar əlilliyi olan bir qrup müharibə əlili ilə görüş keçirilib.
Bu barədə Qaziler.az-a Respublika "Qarabağ qaziləri" ictimai birliyinin sədri Asəf Əliyev bildirib.
Qeyd olunub ki, bir müddət əvvəl protezlərdən istifadə edən Qarabağ qaziləri müəyyən məsələləri müzakirə etmək üçün Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin rəhbərliyinə görüşlə bağlı müraciət etmişdilər. Dövlət Tibb-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin İdarə Heyətinin sədri Ramin Rzayev müraciətə dərhal reaksiya verib və görüş bu gün baş tutub.
Görüşdə Asəf Əliyev, birliyin digər rəhbərləri, o cümlədən ictimai birliyin protez-ortopedik vasitələrdən istifadə edən filial rəhbərlərinin bir qrupu iştirak edib.
Görüş zamanı Asəf Əliyev ölkə prezidenti İlham Əliyevin xüsusi diqqət və qayğısından danışıb, eyni zamanda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, sözü gedən agentliyin və Protez-Ortopedik İstehsalat və Reabilitasiya Mərkəzinin gördüyü işləri yüksək qiymətləndirib.
Həm A.Əliyev, həm də ştirakçılar görülən işlərə görə dövlət başçısına, nazirliyin rəhbərliyinə minnətdarlıqlarını bildirdilər.
"Eyni zamanda qaziləri narahat edən bir çox məsələlər var idi ki, onlar da müzakirə olundu və qazilər protezləşdirmə ilə bağlı öz fikir, təklif və rəylərini bildirdilər. Çox maraqlı və faydalı müzakirə oldu", - Asəf Əliyev dedi.
Görüşdə Agentliyin reabilitasiya mərkəzlərində 3600 nəfər müharibə iştirakçısı, onların ailə üzvləri və şəhid ailəsi üzvlərinin reabilitasiya və sosial-psixoloji xidmətlərlə təmin edildiyi və həmin xidmətlərin bu gün də davam etdirildiyi qeyd olunub.
Həmçinin 493 hərbçi 610 ədəd yüksək texnologiyalı, son nəsil protezlə təmin olunub.
QAZİLER.AZ

