Beynəlxalq Pensiya və Sosial Fondlar Assosiasiyası ilə Dövlət Sosial Müdafiə Fondunun birgə təşkilatçılığı ilə Bakıda keçirilən beynəlxalq konfransın iştirakçıları 1 saylı Bakı DOST Mərkəzində olublar.
Qaziler.az xəbər verir ki, qonaqlar burada əhaliyə göstərilən xidmətlərlə tanış olublar. DOST mərkəzlərinin fəaliyyəti və iş prinsipi barədə onlara məlumat verilib. Daha sonra keçirilən görüşdə DOST Agentliyinin İdarə Heyətinin sədri Fərid Məmmədov nümayəndə heyətinə DOST konsepsiyası barədə ətraflı məlumat verib. Görüşdə tərəflər arasında əməkdaşlıq perspektivləri müzakirə edilib.
Konfrans iştirakçıları DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində də olublar. Mərkəzin direktoru Elnarə Ənsari müəssisənin fəaliyyəti barədə məlumat verib. Qeyd olunub ki, 2021-ci ildən fəaliyyət göstərən DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü ilə yaradılıb. Burada həssas qruplardan olan şəxslərin müxtəlif fəaliyyət istiqamətləri üzrə yaradıcı potensialına dəstək işləri aparılır.
Konfrans iştirakçılarına Musiqi istiqaməti üzrə təlimlərə cəlb olunmuş təlimçi və benefisiarların ifasında proqram təqdim olunub. Həmçinin qonaqlar təlim prosesini izləyib, Mərkəzin müxtəlif peşə-yaradıcılıq otaq və studiyalarında hazırlanmış əl işlərindən ibarət sərgiyə baxıblar.







