Əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyevlə Beynəlxalq Sosial Təminat Assosiasiyasının (BSTA) Baş katibi Marselo Abi-Ramia Kaetanonun görüşü olub.
Qaziler.az xəbər verir ki, görüş Beynəlxalq Pensiya və Sosial Fondlar Assosiasiyası ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondunun (DSMF) Bakıda “Müasir dünyanın çağırışları kontekstində sosial müdafiə sistemlərinin uyğunlaşdırılması” mövzusunda birgə təşkil etdiyi beynəlxalq konfrans çərçivəsində keçirilib.
Anar Əliyev son illər ölkəmizin sosial təminat sistemində aparılan islahatların nailiyyətlərini, sosial islahatlar prosesində BSTA ilə əməkdaşlığa xüsusi önəm verildiyini diqqətə çatdırıb. Bu Təşkilatın üzv ölkələrdə sosial təminat sistemlərinin mütərəqqi təcrübələrə uyğun təkmilləşdirilməsində önəmli dəstəyi vurğulanıb.
Nazirlik və qurumları ilə BSTA-nın əməkdaşlığının daim genişləndiyi, ötən il DSMF ilə BSTA arasında imzalanan əməkdaşlıq sənədinin əlaqələrin genişlənməsinə xidmət etdiyi qeyd olunub.
Marselo Abi-Ramia Kaetano rəhbəri olduğu Təşkilatın ölkəmizdə aparılan davamlı sosial islahatları yüksək dəylərləndirdiyini, Nazirlik və qurumlarının BSTA ilə fəal əməkdaşlığından məmnunluğunu qeyd edib.
O, hazırda Bakıda keçirilən, sosial müdafiə sistemlərinin müasir çağırışlara uyğunlaşdırılmasına həsr olunan beynəlxalq konfransın əhəmiyyətini vurğulayıb.
Görüşdə BSTA ilə Nazirlik arasında gələcək əməkdaşlıq məsələləri müzakirə olunub.
