Xocalı soyqırımının ildönümü ərəfəsində Azərbaycan Mətbuat Şurasının Ahıl Jurnalistlər Məclisinin təşəbbüsü ilə ölkə mediasının təmsilçiləri Qarabağ müharibəsində qəhrəmanlıqla həlak olmuş və Şəhidlər Xiyabanında uyuyan jurnalistlərin məzarlarını ziyarət ediblər. Şəhid jurnalistlərin xatirələrini ehtiramla yad edərək mərhum həmkarlarının məzarlarının üstünə tər çiçəklər düzüb, onların ruhuna dualar oxuyublar.
Beynəlxalq Avrasiya Mətbuat Fondunun qonağı olan Macarıstandan olan media qrupunun üzvlərinin də qatıldıqları anım mərasimində çıxış edən MŞ-nin Ahıl Jurnalistlər Məclisinin sədri Yusif Kərimov bildirib ki, Qarabağ münaqişəsi başlayan gündən ölkə jurnalistləri təkcə qələmləri ilə deyil, həm də əldə silah torpaqlarımızın müdafiəsinə qalxıblar. Bu mübarizədə canını qurban verən necə-necə jurnalistin ömür yolu milli jurnalistikamızın qüruruna çevrilib. Onların əziz xatirəsi xalqımızın qəlbində yaşayır.Ahıl jurnalist Hacı Mehman, Beynəlxalq Avrasiya Mətbuat Fondunun sədri Umud Rəhimoğlu, Azərbaycan Teleradio QSC Həmkarlar İttifaqı Komitəsinin sədri Sərhəd Qasımov, Azərbaycan Mətbuat Şurası İdarə Heyətinin üzvləri Vüqar Rəhimzadə, Tapdıq Abbas və digər media təmsilçiləri şəhid jurnalistlərin hər biri barədə unudulmaz xatirələrini söyləmiş, onların hünər yolunun solmaz səhifələrini yada salmışlar.