Qaziler.az saytına “Qarabağ qaziləri” ictimai birliyinin Ağdam rayon şöbəsindən bəyanat daxil olub. Bəyanatda deyilir:
“Xeyli müddətdir bir sıra “mətbuat orqanları” Ağdam rayonun icra başçısını, rayonun bir sıra strukturlarının rəhbərlərini məqsədli və davamlı şəkildə şantaj edirlər. Onların özləri, ailə üzvləri haqqında mətbuatda, xüsusi ilə internet portallarında materiallar yayırlar. Bununla bağlı xeyli faktlar var. Və bu hal bizi çox ciddi narahat edir!Növbəti hədəf kimi isə Ağdam rayon Mərkəzi Xəstəxanasının baş həkimi Gülnar Abbasovanı seçiblər. Son günlər bəzi adamlar tərəfindən məqsədli şəkildə G.Abbasova haqqında şantaj, iftira və böhtan dolu yazılar yayılmaqdadır.
Bildiyiniz kimi, Ağdam cəbhə bölgəsidir, ərazisinin böyük bir hissəsi işğal altındadır. Ağdamın minlərlə şəhid ailəsi, Qarabağ qazisi (əlili) var. Onların da bitib tükənməyən problemləri. O problemlərdən biri də Qazilərimizin sağlamlığı ilə bağlıdır. Onların sağlamlığının təmin edilməsi üçün biz müvafiq icra strukturları ilə, həmçinin Ağdam Mərkəzi Rayon Xəstəxanasının baş həkimi Gülnar Abbasova ilə mütəmadi şəkildə işləyirik. Bu insan daima bizim problemlərimizin həllinə çalışıb, imkan daxilində əlindən gələnləri edib və edir. Bu gün mediada ona qarşı məkrli şəkildə şantaj kampaniyasının aparılmasına öz etirazımızı bildiririk.
Biz demirik ki, Ağdam rayonunda hər iş idealdır, nöqsan yoxdur. Problemlər də var, çətinliklər də, nöqsanlar da. Bunu heç kəs inkar eləmir. Amma bunlardan istifadə edib şəxsi mənafeləri naminə-pul əldə etmək məqsədi ilə insanları şantaj etmək düz deyil.
Biz “Qarabağ qaziləri” birliyinin Ağdam şöbəsi rayon rəhbərlərini şantaj edənlərin belə hərəkətlərini qəti şəkildə pisləyir, onlardan bu əməllərə, o cümlədən onlardan Gülnar Abbasovaya qarşı şantaja son qoymağı tələb edirik!
Hesab edirik ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin səyi nəticəsində ölkəmizdə yaradılmış söz və fikir azadlığından bəzilərinin öz şəxsi mənafeləri naminə su istifadə etməsi yolverilməzdir. Ümid edirik Azərbaycan Mətbuat Şurası bununla bağlı müvafiq ölçü götürəcəkdir!”