Arxeoloqlarımız amerikalı alimlərə virtual görüntülər təqdim etdilər

Arxeoloqlarımız amerikalı alimlərə virtual görüntülər təqdim etdilər backend

AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun İctimaiyyətlə əlaqələrə məsul əməkdaşı Pərviz Qasımovun QAZİLER.AZ-a verdiyi məlumata görə, bu gün AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunda ABŞ-ın Smithsonian Təbiət Tarixi Milli Muzeyinin elmi əməkdaşları olan aparıcı tədqiqatçı antropoloqu, Muzeyin Asiyanın Mədəni Tarixi Proqramının (Asian Cultural History Program/ ACHP) direktoru, Asiya, Avropa və Orta Şərq etnologiyası proqramı kuratorunun yardımçısı, doktor Pol Teylor (Paul Michael Taylor) və Nyu-Meksika Universitetinin Antropologiya və Arxeologiya üzrə, George Mason Universitetinin Tarix və Yeni Media üzrə əməkdaşı, Boston Universitetinin tarix üzrə fələfə doktoru Cəyred Koller (Jared Koller) ilə görüş keçirilmişdir.

Görüşü giriş sözü ilə açan Arxeologiya və Etnoqrafiya İnstitutunun direktoru, tarix üzrə elmlər doktoru, professor Maisə Rəhimova Azərbaycan hökumətinin, şəxsən Prezident İlham Əliyevin diqqəti və qayğısı sayəsində arxeologiya sahəsi dinamik inkişafından danışmış və Respublika ərazisində aparılan son arxeoloji tədqiqatlarda qabaqcıl texnologiyaların geniş istifadə edildiyini bildirmişdir. Daha sonra amerikalı qonaqlara xüsusi hazırlanmış virtual görüntülər nümayiş etdirildi. Görüntülərdə Azərbaycan arxeoloqları tərəfindən müxtəlif abidələrin tədqiqində GİS-texnologiyalardan, kvadrokopter vasitəsilə çəkilişlərdən, radiomaqnitometr cihazlarından və s. qabaqcıl tədqiqat vasitələrindən istifadə edilməsi öz əksini tapmışdır. Həmçinin, qonaqlara məlumat verilmişdir ki, yaxın gələcəkdə İnstitutun elmi dəstəyi ilə “Virtual Qarabağ” İKT Mərkəzi ilə birgə Qarabağın dövlət əhəmiyyətli arxeoloji və tarixi abidələrinin elektron xəritəsinin yaradılması üzərində işlər getməkdədir. Belə ki, bu layihə çərçivəsində Qarabağ əraziindəki abidələr elektron xəritə üzərində beynəlxalq standartlara uyğun pasportlaşdırılacaqdır.



Öz növbəsində amerikalı alimlər bildirmişlər ki, Azərbaycanda arxeoloji tədqiqatların dünyanın qabaqcıl standartlarına uyğun aparılmasından, ən son elmi metodlardan istifadə edilməsindən olduqca məmnundurlar. Amerikalı mütəxəssislər Azərbaycanlı həmkarları ilə dəyirmi masa arxasında arxeoloji tədqiqatların yeni metodları, istifadə edilən son nəsil tədqiqat cihazları və gələcəkdə qarşılıqlı əməkdaşlıq barədə səmərəli fikir mübadiləsi apardılar.



Səmimi mühitdə keçmiş görüşdə AMEA Prezidiumunun Beynəlxalq Təşkilatlarla Əlaqələr şöbəsinin rəhbəri, tarix üzrə fəlsəfə doktoru Nuridə Quliyeva, Arxeologiya və Etnoqrafiya İnstitutunun şöbə rəhbərləri və əməkdaşları iştirak etmişlər.