BMT QAK-ın Azərbaycandakı nümayəndəliyinin rəhbəri BAMF-da olub

BMT QAK-ın Azərbaycandakı nümayəndəliyinin rəhbəri BAMF-da olub backend

BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Dag Sigurdson Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) Bakıdakı ofisini ziyarət edib. Qaziler.az saytında bu barədə BAMF-ın informasiya departamentindən məlumat daxil olub. Qonağı BAMF-ın fəaliyyəti ilə tanış edən təşkilatın sədri Umud Rəhimoğlu BAMF-ın qaçqın və məcburi köçkünlərlə bağlı gördüyü məqsədyönlü işlərdən danışıb.

O, bildirib ki, hazırda Azərbaycanda məcburi köçkünlərin üzləşdiyi problemlər xaricdəki məcburi köçkünlərin üzləşdiyi problemlərdən azdır. Bu da onun nəticəsidir ki, Azərbaycanda bu istiqamətdə kifayət qədər ciddi işlər görülüb, əsaslı layihələr icra olunub. Bundan başqa Cənab Rəhimoğlu qeyd edib ki, BAMF UNHCR tərəfindən yaradılmış Qaçqın və Məcburi Köçkünlərin İşləri ilə məşğul olan İşçi Qrupuna daxildir. Bu qrupda BAMF öz dəstəyini məcburi köçkünlərin yaşayışı və dolanışığına dair həyata keçirdiyi peşə təlimi və mikro-kredit proqramları səviyyəsində nümayiş etdirir. Proqram çərçivəsində məcburi köçkünlərin ehtiyaclarının ilkin qiymətləndirilməsi sayəsində, bacarıqlarını inkişaf etdirməyə ehtiyacı olan məcburi köçkünlər və onların bu bacarıqlarla təmin olunacağı təqdirdə həyat şəraitlərini yaxşıya doğru dəyişə biləcək şəxslər BAMF tərəfindən müəyyən olunur.

Bu funksiyanı effektiv yerinə yetirmək üçün BAMF daima qaçqın və sığınacaq axtaranlar, eləcə də qaçqın icmalarının problemləri ilə məşğul olan İOM, UNHCR, o cümlədən Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsi kimi müxtəlif strukturlarla görüşür. Daha sonra BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Azərbaycandakı nümayəndəliyinin rəhbəri BAMF-ın prioritet beynəlxalq layihələrinin vizual təqdimatı olub. Təqdimatları və ümumilikdə BAMF-ın fəaliyyətini müsbət qiymətləndirən nümayəndəliyinin rəhbəri Dag Sigurdson bildirib ki, Azərbaycan hökuməti Məcburi Köçkün və Qaçqınların vəziyyətini yaxşılaşdırmaq üçün hər il çoxlu işlər görür. Demək olar ki, hər il 400 – 500 milyon manat vəsait xərcləyir: -“Sizin nəzərinizə çatdırım ki, təkcə BMT QAK-ın Avropa ölkələri üzrə regional nümayəndəliyinin illik büdcəsi 100-144 milyon avrodur. İndi siz müqayisə eləsəniz, görərsiniz ki, Azərbaycan höküməti qaçqınlar və məcburi köçkünlər üçün nə qədər böyük işlər görür.”

Baş tutan görüşdən məmnunluğunu bildirən BAMF sədri U.Rəhimoğlu isə bir daha bəyan edib ki, rəhbərlik etdiyi təşkilat qaçqın və sığınacaq axtaranlara dair problemlərin qabardılması, yaxud təbliğində medianın rolunu və mühümlüyünü qiymətləndirməkdə davam edir. Mediadan bütün səviyyələrdə səmərəli istifadə etməklə qaçqın və məcburi köçkünlərə təsir edəcək qərarların qəbuluna cəlb olunmuş maraqlı tərəflərin, həmin kateqoriyadan olan insanların vəziyyəti barədə müvafiq məlumatlılığı təmin etmək BAMF-ın strategiyası olaraq qalacaq.
Diaspora