Əhalinin problemlərinin yerində öyrənilməsi və həll edilməsi məqsədilə Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənovun Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı köçkün şəhərciyində səyyar qəbul-görüşü keçirilib.
Qaziler.az bildirir ki, bu haqda qazi, Ağdam rayonundan olan Rey Kərimoğlu məlumat verib.
Səyyar görüşdə əhalini narahat edən problemlərin həlli ilə bağlı keçirilən tədbirlərdən, infrastrukturun yaxşılaşdırılması istiqamətində görülən işlərdən danışılıb.
Çıxış edən Rayon İcra Hakimiyyətinin başçısı Prezident İlham Əliyevin verdiyi tapşırıqların həyata keçirilməsi, əhalinin problemlərinin öyrənilməsi və operativ həlli üçün belə görüşlərin önəmli olduğunu qeyd edərək, səyyar görüşlərin davamlı olacağını bildirib.
Rayon İcra Hakimiyyətinin başçısı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən qəbul edilən, əhalinin sosial müdafiəsinə və rifah halının yüksəldilməsinə yönəldilmiş son qərarlardan danışaraq bütün bunların vətəndaşlara olan dövlət qayğısının göstəricisi olduğunu vurğulayıb.
İcra başçısı “Azərbaycan Respublikasının 2022‒2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın icrasını təmin etmək haqqında Azərbaycan Respublikasının Prezidentinin 3587 nömrəli Sərəncamının 3.1.2-ci bəndinin icrası ilə əlaqədar məcburi köçkünlərin yeni salınmış yaşayış məntəqələrinə geri qayıdışı üçün təbliğat-izahat və təşviqat işlərinin aparılması ilə bağlı məlumat verib.
Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov qəbula gələn vətəndaşların qaldırdıqları məsələlərin bir hissəsini yerində həll edib, digər vacib məsələlərin həlli üçün isə müəyyən tapşırıqlar verərək prosesi nəzarətə götürüb.
Qəbuldan sonra RİH başçısı Vaqif Həsənov Kürdəxanı köçkün şəhərciyində müvəqqəti məskunlaşmış Ağdam şəhər sakini, iki övladı Birinci Qarabağ müharibəsində şəhid olmuş Məhərrəmova Qirayət Cabir qızını və vəfat etmiş Birinci Qarabağ müharibəsi qazisi Arif Əliyevin Ramana qəsəbəsində müvəqqəti məskunlaşmış ailə üzvlərini ziyarət edərək onların qayğıları ilə maraqlanıb.
Hər iki ailə onlara göstərilən dövlət qayğısına görə ölkə Prezidenti İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlığını bildirib.
Görüşdə iştirak edən Rey Kərimoğlu da görüşdə çıxış edərək qazilərə və şəhid ailələrinə göstərdiyi dəstəyə görə Azərbaycan Prezidentinə və Ağdam Rayon İcra Hakimiyyətinin başçısına minnətdarlığını bildirib.
QAZİLER.AZ






