Ağdam rayonunun sabiq icra başçısı Nizami Sadıqov dövlət başçısı İlham Əliyevin Azərbaycan rəhbərlik etdiyi 22 il boyu Ağdam rayonuna göstərmiş olduğu qayğı və diqqət barədə öz xatirə və düşüncələrini Moderator.az-a təqdim edib. Materialı olduğu kimi nəzərinizə çatdırırıq:
Hörmətli oxucular, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Ağdam rayonuna səfəri ərəfəsində bir sıra xatirə və düşüncələrimi mətbuatda sizinlə bölüşmək qərarına gəldim.
Həyatımda ən unudulmaz günlərdən biri... Həmin gün - 30 avqust 2009-cu ildə Ağdam rayonu İcra Hakimiyyəti başçısı vəzifəsinə təyin olunmağım münasibəti ilə cənab İlham Əliyev məni qəbul etdi. Təxminən on beş dəqiqə söhbət edərək bir sıra tövsiyələr verdi. Həmin söhbət zamanı cənab Prezidentin sözlərini olduğu kimi sizlərə təqdim edirəm:
"Mən sizi Ağdam rayonuna başçı vəzifəsinə təyin edirəm. Siz rayonda bir ay işləyin, işlə tanış olun. Baxın, görün rayon əhalisinin yaxşı yaşaması üçün nə lazımdırsa, məruzə edin. Mən sizə lazımi köməklik edəcəyəm".
Cənab Prezident daha sonra bildirdi ki, Ağdam əhalisi Azərbaycana erməni təcavüzü başlayandan bəri və didərginlik illərində çox əziyyət çəkib. Qarabağ hadisələrinin bütün ağırlığı Ağdam əhalisinin üzərinə düşüb, mən istəyirəm ki, Ağdam əhalisi yaxşı yaşasın. Dövlət başçısı qeyd etdi ki, 2008-ci ildə Ağdam rayonuna qaz çəkilişi ilə əlaqədar orada olmuşam, açılış etmişəm, rayonun qazlaşmasının tezliklə başa çatdırılması üçün göstəriş vermişəm...
1 sentyabr 2009-cu ildə mən Ağdam rayonunun əhalisinə təqdim edildim. Təyinatımdan 6 gün sonra aidiyyəti şirkətə gedib cənab Prezidentin tələbini olduğu kimi söylədim. Rövnəq müəllim də, çox sağ olsun, sentyabr ayına qədər Quzanlı qəsəbəsi tamamilə qazlaşdırılmışdı. Qısa müddətdə Ağdam rayonunda 16 min abonent qazla təmin olundu.
Cənab Prezidentə müraciət məktubumda yazdığım kimi, 4 ildə Ağdam rayonunda xəstəxana, bir neçə məktəb binası, uşaq bağçası, veteranlar evi, Heydər Əliyev prospekti, 300 kilometrlik asfalt yol, Şəhidlər xiyabanı, Ağdamın giriş qapısı inşa edildi, rayonda 10 min ağac əkildi.
Bunları yazmaqda məqsədim isə cənab Prezident İlham Əliyevin Ağdama, ağdamlılara olan məhəbbətini həmyerlilərimə çatdırmaqdır. Yəqin ki, oxucularımızın əksəriyyəti bilmir ki, icra hakimiyyəti başçıları çox vaxt heç nazirlərin qəbuluna düşə və onlara zəng belə edə bilmirlər. Bütün bunları nəzərə alaraq Ağdam rayonunun dəftərxana blankının sağ tərəfində Ulu Öndər Heydər Əliyevin Ağdam haqqında dediyi bir kəlamı qırmızı hərflərlə çap etdirdim ki, bəlkə daşqəlbli məmurlar həmin kəlamı görüb "yumşalalar".
Həmin kəlam belə idi:
"Azərbaycan Ağdamsız, Qarabağsız yaşaya bilməz".
Hörmətli oxucu, Heydər Əliyev ailəsinin ayağında bir ruzi-bərəkət var. O ruzi ki, Azərbaycan üçün xoşbəxtlik gətirir.
1969-cu ildə Ulu Öndər hakimiyyətə gələn zaman Azərbaycan Respublikası nəinki dünyada, heç SSRİ miqyasında tanınmırdı. Mən Moskva vilayətində - Kantemirov hərbi diviziyasında hərbi xidmətdə olmuşam. O vaxtlar batalyon komandirimə Bakı şəhərinin harada yerləşdiyini izah edə bilməmişdim...
Ancaq 1980-cı illərdə Azərbaycan SSRİ məkanında ən tanınmış respublikalardan biri idi.
Hörmətli oxucular, biz bu gün etiraf etməliyik ki, 1993-cü ildə Azərbaycanı parçalanmaqdan məhz Heydər Əliyev xilas etdi.
Əziz dostlar, Ağdam rayonu işğal altında olan günlərdə çox vaxt mən həsrət və kədərdən xəlvətcə ağlamışam. Bu gün isə gözlərim kədərdən deyil, sevincdən yaşarır...