Əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev və Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev özünüməşğulluq proqramı çərçivəsində Xaçmaz rayon sakinləri Feyzullayev Bayram Qabil oğlu və Bayramov Cabir Nəriman oğlu üçün qurulmuş kiçik təsərrüfatlara baxış keçiriblər.
Qaziler.az bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə istinadla xəbər verir.
Özünüməşğulluq proqramının dəstəyi ilə aktivlər verilməklə B.Feyzullayev üçün poliqrafiya xidmətləri, C.Bayramov üçün isə un məmulatları istehsalı üzrə kiçik təsərrüfatlar qurulub. Onlar işsiz və işaxtaran şəxslərin kiçik biznesə çıxış imkanlarına malik olmaları üçün göstərilən dəstəyə görə dövlətimizin başçısına minnətdarlıqlarını ifadə ediblər.
Ötən dövrdə özünüməşğulluq proqramı çərçivəsində Xaçmaz rayonunda 2200-dən çox şəxs üçün kiçik təsərrüfatlar qurulub.
Nazirliyin tabeliyindəki Sosial Xidmətlər Agentliyinin sifarişi ilə icra olunan layihə əsasında Xaçmazda yaradılmış günərzi qayğı mərkəzinə də baxış olub. Mərkəzdə psixoloq, sosial işçi, pedaqoq və digər mütəxəssislər tərəfindən həssas qruplara aid, o cümlədən əlilliyi olan 30 uşağın qavrayış, emosional, fiziki inkişafı, gündəlik həyat vərdişlərinə, ilkin yazı və oxuma bacarıqlarına yiyələnmələri üçün işlər aparılır.
A.Əliyev və E.Rzayev Nazirliyin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin Xaçmaz Reabilitasiya Mərkəzində əlilliyi olan şəxslərə göstərilən xidmətləri də nəzərdən keçiriblər.
Müasir tibbi-reabilitasiya avadanlıqları ilə təchiz edilmiş müəssisədə əlilliyi olan şəxslərə effektiv fizioterapevtik üsullarla kompleks tibbi-sosial reabilitasiya xidmətləri göstərilir. Görülən işlərin davamı kimi, Mərkəzdə bu ilin 4 ayında daha 1500 nəfərə yaxın əlilliyi olan şəxs reabilitasiya xidmətləri ilə təmin olunub.













