“Sosial dialoq institutları üçün özünüqiymətləndirmə metodologiyası”na dair seminar keçirilir - FOTO

“Sosial dialoq institutları üçün özünüqiymətləndirmə metodologiyası”na dair seminar keçirilir - FOTO backend

Beynəlxalq Əmək Təşkilatı (BƏT) və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin birgə təşkilatçılığı ilə BƏT-in “Sosial dialoq institutları üçün özünüqiymətləndirmə metodologiyası”na dair seminar keçirilir.

Qaziler.az bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə istinadla xəbər verir. 

Tədbirdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, İqtisadiyyat Nazirliyi, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK), Azərbaycan Respublikasının Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK) və BƏT-in  nümayəndələri iştirak edir.

Seminarın açılışında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əmək siyasəti şöbəsinin müdiri Fuad Heydərov, BƏT-in Sosial dialoq, əmək münasibətləri və əməyin idarəolunması bölməsinin nümayəndəsi İqor Zemlyanskiy və sosial dialoq və əməyin idarə olunması üzrə baş mütəxəssisi Rainer Pritzer, ASK-nın vitse-prezidenti Vüqar Zeynalov, AHİK sədrinin müşaviri Cəmaləddin Quliyev çıxış ediblər.

Çıxışlarda BƏT-in 59 Konvensiya və 1 Protokolunu ratifikasiya edən Azərbaycanın MDB ölkələri arasında ən çox BƏT-in standartlarını qəbul etmiş ölkələrdən olduğu vurğulanıb. Hökumət, AHİK və ASK-nın təmsil olunduğu Sosial və İqtisadi Məsələlər üzrə Üçtərəfli Komissiyanın gücləndirilmiş sosial dialoqa əsaslanan fəaliyyətindən bəhs olunub.

Sosial dialoqun iştirakçılarının (Hökumət, ASK, AHİK) birgə qərarı ilə ölkəmizdə 2023-2025-ci illər üçün Baş Kollektiv Sazişin imzalandığı, həmin Saziş çərçivəsində görülmüş işlər üzrə Komissiyada mütəmadi müzakirələr aparıldığı diqqətə çatdırılıb.

BƏT tərəfindən 2021-ci ildə hazırlanmış, ölkələrdə sosial dialoqun təsirini gücləndirməklə sosial ədalətli və iqtisadi cəhətdən uğurlu nəticələrə nail olunması imkanı yaratmaq məqsədi daşıyan “Sosial dialoq institutları üçün özünüqiymətləndirmə metodologiyası”nın əhəmiyyəti qeyd edilib.

Seminarın ilk sessiyasında BƏT-in ekspertləri tərəfindən metodologiyanın təqdimatı olub. İki gün davam edəcək seminarda BƏT-in ekspertlərinin qeyd edilən metodologiya üzrə “İnklüzivliyin qiymətləndirilməsi”, “Səmərəliliyin qiymətləndirilməsi” və s. mövzularda təqdimatları əsasında sessiyaların keçirilməsi və müzakirələrin aparılması nəzərdə tutulub.

Diaspora