Xocalıya həsr edilmiş film

Xocalıya həsr edilmiş film backend

“İrəli” İctimai Birliyi tərəfindən çəkilən “Böyüməyən uşaqlar” filmi təqdim olunub. “İrəli” İctimai Birliyindən Trend-ə verilən məlumata görə, Heydər Əliyev Fondunun, Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə “İrəli” İctimai Birliyi tərəfindən “Xocalıya ədalət!” beynəlxalq kampaniyası çərçivəsində çəkilən “Böyüməyən uşaqlar” filmi bu gün ictimaiyyətə təqdim olunub.

Türkiyənin İstanbul şəhərində geniş auditoriya qarşısında keçirilən təqdimat mərasimində "İrəli" İctimai birliyinin sədri Mirhəsən Seyidov, filmin ssenari müəllifi, Parlament Jurnalistləri Birliyinin (PJB) sədri Elşad Eyvazlı və Türkiyənin tanınmış ictimaiyyət nümayəndələri iştirak ediblər.

Təşkilatın sədri Mirhəsən Seyidov bildirib ki, Xocalıda hər iki valideynini itirmiş 25 uşaq haqqında çəkilən filmin əsas məqsədi ermənilərin azərbaycanlılara qarşı törətdiyi soyqırımla bağlı həqiqətləri dünya ictimaiyyətinə çatdırmaqdır.

Filmdə Xocalıda törədilmiş soyqırım haqqında geniş məlumat verilir, eyni zamanda, Xocalı faciəsinin canlı şahidi, soyqırım zamanı bütün ailəsini itirmiş Mehdi Əliyevin təəssüratları fonunda bir daha həmin günün dəhşətləri anladılır.

Film əsasən 3 hissədən - məlumat, müsahibə və mesaj ibarətdir. Əvvəlcə Xocalı soyqırımı, faciənin baş vermə səbəbləri haqqında məlumatlarlar verilir, soyqırımdan əziyyət çəkmiş Mehdi Əliyevin müsahibəsi və son olaraq Xocalıya ədalət mesajı çatdırılır.

Film müxtəlif dillərə tərcümə edilərək Avropada, ABŞ-da və digər ölkələrdə nümayiş olunacaq. Yaxın gələcəkdə filmin Almaniyada da nümayişi nəzərdə tutulur. Bu mövzuda bədii filmin çəkilməsi də planlaşdırılır.

Qeyd edək ki, “Böyüməyən uşaqlar” filmi Elşad Eyvazlının “Böyüməyən uşaqlar” kitabının motivləri əsasında çəkilib.

Diaspora