“1992-ci ilin qarı” adlı sənədli film nümayiş olunub

“1992-ci ilin qarı” adlı sənədli film nümayiş olunub backend

Bu gün Bakı Şəhər İcra Hakimiyyəti Başçısı Aparatının Kino Xidməti İdarəsi, Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Xalça Muzeyinin birgə təşkilatçılığı ilə Xocalı faciəsinin 23-cü ildönümünə həsr olunmuş “Xocalını unutmayaq” adlı tədbir keçirilib.

APA-nın məlumatına görə, tədbirdə çıxış edən mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyeva bildirib ki, 26 fevral Azərbaycan xalqının tarixində ən qanlı və ən faciəvi gündür: “Erməni faşistlərinin xalqımıza qarşı törətdiyi vəhşilikləri heç vaxt unutmayacağıq. Heydər Əliyev hakimiyyətə qayıtdıqdan sonra bu qanlı tarixə hüquqi qiymət verilib və soyqırım kimi tanınıb. Biz hamımız bu faciəni Azərbaycan xalqına qarşı terror kimi qəbul etməli, bu qanlı tarixi beynəlxalq ictimaiyyətin diqqətinə çatdırmalıyıq. Xüsusilə burada “Xocalıya ədalət” kampaniyası çərçivəsində görülən işlərin önəmini vurğulamaq istərdim”.

Kino Xidməti İdarəsinin rəisi Gültəkin Nəriman təmsil etdiyi qurumun Xocalı faciəsi ilə bağlı silsilə tədbirlər keçirdiyini vurğulayaraq, faciənin gələcək nəsillərin yaddaşından silinməməsi üçün bu tədbirlərin əhəmiyyətini qeyd edib.

Millət vəkili Vahid Əhmədov isə çıxışında bildirib ki, ermənilər tarixən azərbaycanlılara qarşı deportasiya, soyqırım siyasəti aparıblar. O, Azərbaycan hökuməti, parlamenti beynəlxalq aləmdə Xocalı hadisəsinin soyqırım kimi tanınması istiqamətində böyük işlər gördüyünü, və bu işlərin gələcəkdə də davam etdiriləcəyini deyib: “Tarix boyu ermənilər öz himayədarlarının hesabına Azərbaycan xalqının başına bəlalar gətiriblər. Xocalıda baş verənlərin dünya ictimaiyyətinə çatdırılması istiqamətində böyük işlər görülür. Təsadüfi deyil ki, artıq 15 dövlətin parlamenti Xocalıda baş verən hadisələrin soyqırım kimi tanıyıb”.

Millət vəkili Fazil Mustafa Xocalı faciəsinin nəinki Azərbaycanda, bəzi xarici ölkələrdə də anıldığını deyib. O, bu gün Xocalı hadisələrinin bütün dünyada soyqırım kimi tanınmadığını təəssüflə qeyd edib: “Biz millət olaraq ermənilərdən çox üstünük. Ona görə də hər kəs Azərbaycanın bütövlüyü və suverenliyi üçün üzərinə düşən məsuliyyəti dərk etməli və bu istiqamətdə iş görməlidir”.

Tədbirdə Kino Xidməti İdarəsinin Xocalı faciəsinə həsr etdiyi “1992-ci ilin qarı” adlı sənədli film nümayiş olunub.

Sonda Uşaq Muzeyi şöbəsinin rəsm dərnəyi və İdrak liseyinin hazırladığı “Xocalı-23 il” adlı sərgi nümayiş olunub.
Diaspora