Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Beynəlxalq Əmək Təşkilatının (BƏT) birgə təşkilatçılığı “Azərbaycanda sosial ədalət və gender bərabərliyinə nail olma yolları: Nailiyyətlər və gələcək perspektivlər” adlı konfrans öz işinə başlayıb. Tədbirdə hökumət və qeyri-hökumət, beynəlxalq təşkilatların nümayəndələri iştirak edir.
Nazirlikdən Qaziler.az-a bildirilib ki, konfransın açılışında əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Vüsal Nəsirli Prezident İlham Əliyevin tapşırıqları əsasında son illər aparılan ardıcıl sosial islahatların nailiyyətlərini, layiqli əməyin təminatının da ölkədə aparılan sosial-iqtisadi siyasətin əsas prioritetlərindən biri olduğunu diqqətə çatdırıb.
Nazir müavini Azərbaycanda qadınların əmək bazarında iştirakının ildən-ilə artdığını, onların məşğulluq imkanlarının genişləndirilməsi, daha yüksək əməkhaqqı ödənilən sahələrdə fəaliyyətinin dəstəklənməsi üçün son illər aparılmış qanunvericilik islahatlarını qeyd edib.
Bildirib ki, Əmək Məcəlləsinin 150-dən çox maddəsinə dəyişiklikləri ehtiva edən yeni qanun layihəsində də “ailə vəzifələri olan işçi”, “distant (məsafədən) iş” anlayışları, hamiləliyə və doğuşa görə məzuniyyətlə bağlı yeni hüquqlar nəzərdə tutulub. Vüsal Nəsirli iş yerində ayrı-seçkiliyin yolverilməzliyinin təmin edilməsi üçün növbəti adımlar kimi hazırlanan bir sıra qanunvericilik layihələrini diqqətə çatdırıb. Son illər əmək münasibətlərinin rəqəmsallaşdırılmasının əmək bazarının daha şəffaf, çevik və səmərəli şəkildə tənzimlənməsinə zəmin yaratdığını vurğulayıb. Keçirilən bu konfransda aparılacaq müzakirələrin qadınların əmək bazarındakı potensialından daha səmərəli istifadə ilə bağlı yeni təşəbbüslərin, innovativ yanaşmaların formalaşmasına töhfə verəcəyinə əminliyini bildirib.
Tədbirdə BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Vladanka Andreeva, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası sədrinin birinci müavini, Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasının vitse-prezidenti İlyas Əliyev, Azərbaycan Mikromaliyyə Assosiasiyasının İcraçı direktoru, Azərbaycan Sahibkarlar Konfederasiyasının vitse-prezidenti Jalə Hacıyeva, Milli Məclisin deputatı, COP29-un BMT-nin İqlim Dəyişikliyi üzrə Yüksək Səviyyəli Çempionu Nigar Arpadarai, Azərbaycan Dövlət Neft Şirkətinin vitse-prezidenti Ziba Mustafayevanın və b. çıxışları, BƏT-in Avropa və Mərkəzi Asiya üzrə regional direktoru Beate Andreesin video müraciəti dinlənilib.
İki gün davam edəcək konfransda “Gender bərabərliyi üçün ədalətli və yaşıl keçidlərdən istifadə”, “Bərabər dəyərə malik iş üçün bərabər əməkhaqqının əldə edilməsi”, “Hazırda və növbəti illərdə gender bərabərliyinə nail olunması: Özəl sektorun rolu”, “Gender bərabərliyin təmin edilməsi üçün sosial dialoq və uyğunluq” və s. mövzularda panel müzakirələrin aparılması nəzərdə tutulub.









