Siyasi partiya nümayəndələri Laçına səfər ediblər - FOTO - YENİLƏNİB

Siyasi partiya nümayəndələri Laçına səfər ediblər -  FOTO - YENİLƏNİB backend

Prezident Administrasiyasının təşkilatçılığı ilə aprelin 29-də həyata keçirilmiş səfərdə ümumilikdə 80 nəfər olmaqla, 24 siyasi partiyanın sədr və nümayəndələri, habelə politoloq, siyasi şərhçi, internet televiziyalarının rəhbərləri, qəzet redaktorları və digər jurnalistlər iştirak ediblər.

"Report" xəbər verir ki, səfər çərçivəsində Zabuxçay su anbarı, Laçın şəhəri, o cümlədən Heydər Əliyev küçəsi, “Lacinema” kino mərkəzi, “Hoçazfilm” kinopavilyonu və Bəylik kəndində aparılan bərpa və yenidənqurma işləri ilə tanışlıq olub, habelə “Zerti Aqro-Sənaye Parkı”nda fəaliyyət göstərən müəssisələr haqında ətraflı məlumatlar verilib.

Səfər zamanı Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyev Laçın şəhərində iştirakçılar qarşısında çıxış edərək ötən dövr ərzində Prezident İlham Əliyevin təşəbbüsü ilə ölkədə davamlı şəkildə təşviq olunan həmrəylik mühitinin strateji əhəmiyyəti və mövcud istiqamətdə görülmüş işlər haqqında geniş məlumat verib.

Ölkədə həmrəylik mühitinin qorunmasında siyasi partiyaların müstəsna əhəmiyyətini vurğulayan Administrasiya rəsmisi qeyd edib ki, Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində qazanılan şanlı Qələbə bütün dünya azərbaycanlılarının qürur mənbəyidir. Vətənpərvər qüvvələri birləşdirən əsas amilin milli maraqlar və dövlətçilik mövqeyi olduğunu bildirən Ədalət Vəliyev bildirib ki, Laçının timsalında işğaldan azad olunmuş bütün ərazilərdə aparılan bərpa-quruculuq işlərinin səviyyəsi haqqında təsəvvürlər formalaşa bilər. İşğaldan azad edilmiş ərazilərin bərpası və inkişafı müasir Azərbaycan tarixinin ən qürurlu səhifələrindən olduğunu bildirən Administrasiya rəsmisi mövcud istiqamətdə Prezident İlham Əliyev tərəfindən təsdiqlənmiş müvafiq dövlət proqramlarından da söhbət açıb.

Suverenliyin tam bərpasının Azərbaycan tarixinin mahiyyət və keyfiyyət etibarilə yeni inkişaf mərhələsi olduğunu xüsusi vurğulayan Ədalət Vəliyev diqqətə çatdırıb ki, ölkəmizdə yaşanan milli həmrəylik mühiti sabitlik və dayanıqlı inkişafın zəmanətidir. Siyasi dialoqda fəal iştirak edən siyasi partiyalar həmrəylik mühitinin qorunmasına öz töhfələrini verirlər. Odur ki, siyasi partiyaların Prezident İlham Əliyevin təşəbbüsü ilə reallaşan bu cür layihələrdə fəal iştirakı bilavasitə milli və siyasi həmrəyliyin təzahürüdür.

Səfər çərçivəsində siyasilər Laçının iqtisadi, habelə turizm potensialı ilə də tanış olublar. İştirakçılara bildirilib ki, Laçının turizm potensialı digər rayonlarda yaradılacaq turizm imkanları ilə də uzlaşdırılacaq. Burada hotellər, istirahət zonaları yaradılacaq və kənd turizmi də inkişaf etdiriləcək. Nəzərə alınmalıdır ki, yaradılacaq yeni infrastruktur layihələri Qarabağa qayıdacaq insanlar üçün məşğulluq və gəlir mənbəyi olacaq.

10:00

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının təşkilatçılığı ilə ölkədə fəaliyyət göstərən siyasi partiya nümayəndələrinin, politoloq və siyasi şərhçilərin, habelə internet televiziya kanalları rəhbərlərinin, qəzet redaktorlarının və digər jurnalistləri aprelin 29-da Laçına səfər ediblər.

"Report" xəbər verir ki, bu səfər sayca altıncıdır.

Siyasi partiya rəhbərlərinin birgə səfərləri daha əvvəl Ağdam, Şuşa (2 dəfə), Zəngilan, Əsgəran, Xocalı və Xankəndiyə təşkil olunub.

Partiya rəhbərləri və politoloqların ilk birgə səfəri 2021-ci ilin 17 mart tarixində Ağdam şəhərinə, ikinci birgə səfəri həmin ilin 7 oktyabr tarixində Şuşa şəhərinə olub. Ölkə siyasiləri növbəti dəfə 2022-ci ilin 15 iyun tarixində Şuşa şəhərində keçirilmiş “Azərbaycan-Türkiyə strateji müttəfiqlik münasibətləri Qafqaz və region üçün sülh və sabitlik mənbəyidir” adlı beynəlxalq konfransda iştirak etmək üçün birgə səfərə çıxıblar. 2022-ci il 24 iyun tarixində reallaşdırılmış birgə səfərin ünvanı Zəngilan olub. 2025-ci il 6 mart tarixində isə 24 siyasi partiyanın nümayəndələri Əsgəran, Xocalı və Xankəndidə olublar.

Cari səfərdə Laçın şəhərində aparılan bərpa-quruculuq işləri, habelə artıq fəaliyyət göstərən müəssisələr ilə tanışlıq nəzərdə tutulur.  

Diaspora