Prezident İlham Əliyevin təsdiqlədiyi yeni Qanunla Azərbaycan işarət dili artıq ünsiyyət dili kimi rəsmi tanınır

Prezident İlham Əliyevin təsdiqlədiyi yeni Qanunla Azərbaycan işarət dili artıq ünsiyyət dili kimi rəsmi tanınır backend

Yeni qanunvericilik aktları ilə “18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslər” ifadəsi də “əlilliyi olan uşaqlar” ifadəsi ilə əvəzlənib.
 
Prezident İlham Əliyevin imzaladığı yeni qanunvericilik aktları əlilliyi olan şəxslərin cəmiyyətə inteqrasiya imkanlarının daha da artırılmasına, o cümlədən eşitmə qabiliyyəti tam məhdud olan şəxslərin digərləri ilə bərabər səviyyədə informasiya əldə etmələrinə, öz fikirlərini, ideyalarını sərbəst ifadə etmələrinə daha geniş şərait yaradılmasına, habelə müvafiq qanunvericilikdə təkmilləşdirmələrin aparılmasına xidmət edir.

Əmək və əhalinin Sosial Müdafiəsi Nazirliyindən Qaziler.az-a bildirilib ki, “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununda edilmiş dəyişikliklərlə Qanuna Azərbaycan işarət dili və əlilliyi olan şəxslərin məlumat əldə etməsinin təmin olunması ilə bağlı yeni maddələr əlavə edilib. 

Bu maddələrdə bildirilir ki, Azərbaycan işarət dili – eşitmə qabiliyyəti tam məhdud olan azərbaycandilli şəxslərin qollar, əllər və barmaqlardan eyni zamanda istifadə edilməklə fikirlərini ifadə etməsidir. Dövlət əlilliyi olan şəxslərin məlumat əldə etmək hüququna təminat verir.

Qeyd olunur ki, Azərbaycan Respublikasının dövlət dilinin şifahi formada istifadəsi zamanı eşitmə qabiliyyəti tam məhdud olan şəxslər üçün Azərbaycan işarət dili ünsiyyət dili kimi rəsmi tanınır. 

Qanunla dövlət büdcəsindən maliyyələşən, habelə ictimai yayımçı statusuna malik olan ümumölkə yerüstü televiziya yayımçıları praym-taym zamanı yayımladıqları informasiya xarakterli proqramlarının Azərbaycan işarət dilinin tərcüməsi ilə müşayiət olunmasını təmin edəcəklər.

Həmçinin Azərbaycan işarət dilinin tərcüməsini müvafiq təhsilə və ixtisasa malik olan şəxslər həyata keçirməklə, dövlət tərəfindən audiovizual əsərlərin subtitrləşdirilməsi təşviq ediləcək.

Yeni qanunvericilik aktları ilə  “18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslər” ifadəsi də “əlilliyi olan uşaqlar” ifadəsi ilə əvəzlənib.

Diaspora