Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Ukraynanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Yuri Qusev ilə görüş olub.
Qaziler.az xəbər verir ki, bu barədə nazirlikdən məlumat verilib.
Əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev Azərbaycan və Ukrayna arasında dost münasibətlərinə əsaslanan ikitərəfli əməkdaşlıq əlaqələrini qeyd edib. Nazir ötən dövrdə əmək, məşğulluq, sosial müdafiə, reabilitasiya sahələrində də iki ölkənin uğurlu əməkdaşlıq təcrübəsinə malik olduğunu bildirib.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə Ukraynanın Sosial Siyasət Nazirliyi arasında imzalanmış əməkdaşlıq sənədlərinin önəmi vurğulanıb. Ukraynada müharibədən əziyyət çəkmiş uşaqların ölkəmizə gətirilərək sosial-psixoloji xidmətlərlə təmin edilmələri üçün görülmüş işlər qeyd edilib.
Azərbaycanda əmək, məşğulluq, sosial müdafiə, reabilitasiya sahələrində son illər aparılan islahatlar, sosial sahədə elektronlaşdırma proqramının uğurları barədə məlumat verilib.
Y.Qusev ölkələrimiz arasında əlaqələrin daim genişlənməsinin məmnunluq doğurduğunu, sosial islahatlar prosesində davamlı əməkdaşlığın, təcrübə mübadilələrinin əhəmiyyətini qeyd edib. Görüşdə iki ölkə arasında sosial təminat və reabilitasiya sahələrində gələcək əməkdaşlığa dair fikir mübadiləsi aparılıb.

