Hazırda yağıntılar davam etdiyini nəzərə alsaq, yağıntıların miqdarının artacağı gözləniləndir.
"Report" xəbər verir ki, bunu Milli Hidrometrologiya Xidmətinin rəis müavini Gülnarə Abbasova mövcud vəziyyətlə əlaqədar jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, Bakıda son dəfə 1966-cı ildə bu həddə yağıntı qeydə alınıb:
"Artıq dünən gecədən başlayaraq ölkə ərazisində qeydə alınan yağıntılı hava şəraiti 15 saatdır davam edir və illik normanın 22 faizini təşkil edir Bakıda hazırda yağıntının miqdarı 57 mm-dir bu da aylıq normadan 2 dəfə çoxdur. Bununla yanaşı Böyük və Kiçik Qafqazda da düşən yağıntı aylıq normadan iki-üç dəfə çoxdur".
O, digər ölkələrdə də analoji hava şəraitinin tez-tez müşahidə edildiyini vurğulayıb:
"İqlim dəyişimlərini nəzərə alsaq bu cür gözlənilməz yağıntı hallarının olması normaldır. Tək Azərbaycanda deyil, digər ölkələrdə də bu cür hadisələr tez-tez müşahidə olunur. Buna nümunə olaraq Rusiyanın cənubunu, Türkiyə və İspaniya kimi ölkələri də misal çəkə bilərik".