Komaya düşən əməkdar həkim Cabir Məmmədovun vəziyyəti açıqlanıb.
Qaziler.az Yurd.Media-ya istinadən məlumat verir ki, əməkdar həkim hazırda komadadır və süni tənəffüs aparatına qoşulub.
"Baku Medical Plaza"nın reanimasiya şöbəsinə yerləşdirilən Cabir Məmmədovun, həmçinin şəkər xəstəsi və xroniki böyrək çatışmazlığı olması səbəbindən durumu xüsusi diqqət tələb edir.
Həkimin oğlu Rəşad Cabirli faktı təsdiqləyib. Onun sözlərinə görə, həkimlər əllərindən gələni edirlər.
Qeyd edək ki, Quba Rayon Mərkəzi Xəstəxanasının Ümumi terapiya şöbəsinin keçmiş müdiri olan Cabir İsrafil oğlu Məmmədov 1950-ci ildə anadan olub. O, 1984-1985-ci illərdə Quba rayonu Alpan kənd xəstəxanasında həkim çalışıb və 1985-1996-cı illərdə Quba RMX-da həkim-kardioloq, 1996-2023 illər ərzində Ümumi terapiya şöbəsinin müdiri kimi fəaliyyət göstərib.
1988-ci ildə Moskvada keçirilən Həkimlərin Ümumittifaq Qurultayında Azərbaycanı təmsil edib, Ali ixtisas dərəcəsi alıb, "SSRİ səhiyyə əlaçısı" döş nişanı ilə təltif edilib.
2013-cü ildə Prezident İlham Əliyevin Sərəncamı ilə "Tərəqqi" medalıyla təltif edilən C.Məmmədov, 2018-cü ildə dövlət başçısının daha bir Sərəncamına əsasən "Əməkdar Həkim" fəxri adına layiq görülüb.