Prezident İlham Əliyevin sərəncamı ilə Anar Nazim oğlu Eminov Mingəçevir Dövlət Universitetinə rektor təyin edilib.
Qaziler.az Anar Eminovun dosyesini təqdim edir:
A.Eminov 1982-ci ildə Sumqayıt şəhərində anadan olub.
O, 1992-1999-cu illərdə Sumqayıt şəhər Texniki və Təbiət Elmləri Liseyində təhsil alıb.
1999-2003-cü illərdə Azərbaycan Dövlət İqtisad Universitetini beynəlxalq ticarət ixtisası üzrə fərqlənmə ilə bitirib.
2003-2004-cü illərdə Türkiyənin Ege Universitetini, 2004-2006-ci illərdə isə Doqquz Eylül Universitetini magistratura səviyyəsində, beynəlxalq biznesin idarə edilməsi ixtisası üzrə fərqlənmə ilə bitirib.
A.Eminov 2006-2010-cu illərdə Qərb Universitetinin hüquqşünaslıq ixtisasını, eyni zamanda 2006-2007-ci illərdə Beynəlxalq Ticarət İnstitutunun elektron ticarət ixtisasını (distant) bitirib.
2012-ci ildə İqtisadi İnkişaf Nazirliyi, İqtisadi İslahatlar Elmi Tədqiqat İnstitutunun dünya iqtisadiyyatı ixtisası üzrə müdafiə edərək iqtisad üzrə fəlsəfə doktoru elmi dərəcəsi, 2016-cı ildə dosent elmi adını alıb.
2015-2020-ci illərdə Azərbaycan Turizm və Menecment Universitetində "Sahə iqtisadiyyatı" üzrə elmlər doktorluğu proqramını bitirib.
2023-cü ildə əvvəlcə Azərbaycan Texniki Universitetinin (AzTU) Tədqiqat və inkişaf şöbəsinin müdiri, daha sonra Yüksək Təhsil İnstitutunun direktoru vəzifəsinə təyin olunub.
Sosial sahələrə istiqamətlənmiş investisiya layihəsinin effektivliyi ilə bağlı tədqiqatlar aparır. 200-ə yaxın elmi məqalə, 5 dərs vəsaiti, bir monoqrafiyanın müəllifidir.