Sumqayıt şəhərinin Hacı Zeynalabdin qəsəbəsinə yeni sərnişin avtobusları gətirilib.
Oxu.Az xəbər verir ki, gətirilən yeni avtobusların 30 nömrəli xətt üzrə hərəkət edəcəyi bildirilir.
Məsələ ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentlyinin mətbuat katibi Tural Orucov Oxu.Az-a açıqlamasında faktı təsdiqləyib.
O qeyd edib ki, sözügedən avtobuslar gətirilsə də, hələlik xəttə buraxılmayıb və hansı istiqamət üzrə hərəkət edəcəyi dəqiq müəyyənləşməyib.
"Görüntülərdə təqdim olunan avtobuslar yenilənmənin bir hissəsidir. Belə ki, Sumqayıtda ictimai nəqliyyatda sərnişinlərə göstərilən xidmətlərin təhlükəsizlik və keyfiyyət baxımından yüksək standartlara çatdırılması məqsədilə marşrut xətləri təhlil edilir və avtobus parkının yenilənməsi diqqət mərkəzində saxlanılır. Daşıyıcı şirkətlər qarşısında sərnişindaşıma tələblərinə cavab verməyən, o cümlədən köhnə, istismara yararsız avtobusların yeniləri ilə əvəzlənməsi ilə bağlı tapşırıqlar qoyulub. Görülən işlər çərçivəsində daşıyıcılar tərəfindən xaricdən yeni nəqliyyat vasitələri sifariş olunur", - deyə T.Orucov vurğulayıb.