Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyilə həyata keçirdiyi “Şəhid ailələri və Qarabağ müharibəsi veteranlarının sosial vəziyyətinin yaxşılaşdırılmasına dair təşəbbüslər” layihəsinin yekunlarına həsr edilmiş “dəyirmi masa” keçirib.
AZƏRTAC xəbər verir ki, tədbirdə “Beynəlxalq Əlillər Cəmiyyəti” İctimai Birliyinin sədri Tahir Xudiyev, “Əlillər Dünyası” qəzetinin Redaksiya Heyətinin üzvü Mahir Əzizov, Çernobıl Əlilləri İctimai Birliyinin sədri Mirhəsən Həsənov, “Veteran” qəzetinin Baş redaktoru Qafar Nuriyev və başqaları iştirak ediblər.
Tədbirdə Birliyin sədri Mehdi Mehdiyev bu layihənin məqsədinin Qarabağ müharibəsi statuslu insanların sosial vəziyyətinin yaxşılaşdırılmasına dair təşəbbüslərin dəstəklənməsindən ibarət olduğunu bildirib.
M. Mehdiyev qeyd edib ki, layihənin həyata keçirildiyi müddətdə 10 nəfərə 6 aylıq kompüter texnologiyaları kursu keçilib, bununla da onların kompüter sahəsində biliklərinin artırılmasına nail olunub.