ABŞ alimləri ilə görüş -ARXEOLOGİYA VƏ ETNOQRAFİYA MUZEYİNDƏ

ABŞ alimləri ilə görüş -ARXEOLOGİYA VƏ ETNOQRAFİYA MUZEYİNDƏ backend

AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun İctimaiyyətlə əlaqələrə məsul əməkdaşı Pərviz Qasımovun QAZİLER.AZ-a verdiyi məlumata görə, bu gün ABŞ Smithsonian Təbiət Tarixi Milli Muzeyinin (Kolumbiya dairəsi, Vaşinqton) aparıcı tədqiqatçı antropoloqu, Muzeyin Asiyanın Mədəni Tarixi Proqramının (Asian Cultural History Program/ ACHP) direktoru, Asiya, Avropa və Orta Şərq etnologiyası proqramı kuratorunun yardımçısı Pol Təylor (Paul Michael Taylor), ACHP proqramı üzrə antropoloq və muzey mütəxəssisi Trevor Merrion, Nyu-Meksika Universitetinin Antropologiya və Arxeologiya üzrə, George Mason Universitetinin Tarix və Yeni Media üzrə əməkdaşı, Boston Universitetinin tarix üzrə fələfə doktoru Cəyred Koller (Jared Koller) kimi mütəxəssislərdən ibarət bir qrup ABŞ alimləri AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun İçəri Şəhərdə yerləşmiş Muzey Sərgi zalında olmuşlar.

Qonaqları AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun direktoru, tarix üzrə elmlər doktoru, professor Maisə Rəhimova qarşılamışdır. Öncə qonaqlar Sərgi zalının Heydər Əliyevin xatirəsinə həsr edilmiş guşəsi ilə tanış oldular. AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun direktoru doktor, professor M. Rəhimova Ulu Öndər Heydər Əliyev və onun layiqli davamçısı, ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən Azərbaycan arxeologiyasının və etnoqrafiyasının inkişafına göstərilən müstəsna diqqət və qayğıdan söz açdı. Daha sonra qonaqlar Azərbaycan xalqının zəngin qədim tarixini əks etdirən muzey eksponatları ilə tanış oldular. Sərgi zalının rəhbəri Fərhad Quliyev ABŞ alimlərinə eksponatları nümayiş etdirməklə yanaşı, son dövrlərdə Azərbaycan arxeoloqlarının uğurlu tədqiqatları barədə məlumat verdi. Daha sonra amerikalı mütəxəssislər Azərbaycanlı həmkarları ilə dəyirmi masa arxasında qarşılıqlı əməkdaşlıq barədə səmərəli fikir mübadiləsi apardılar.



Səmimi mühitdə keçmiş görüşdə AMEA Prezidiumunun Beynəlxalq Təşkilatlarla Əlaqələr şöbəsinin rəhbəri, tarix üzrə fəlsəfə doktoru Nuridə Quliyeva, Arxeologiya və Etnoqrafiya İnstitutunun elmi katibi, tarix üzrə fəlsəfə doktoru Sevil Ağamalıyeva və İnstitutun digər əməkdaşları iştirak etmişlər.