Məhkəmə 9 milyonluq mənimsəmədə təqsirləndirilən MN-nin sabiq vəzifəli şəxsi barədə qərar verib

Məhkəmə 9 milyonluq mənimsəmədə təqsirləndirilən MN-nin sabiq vəzifəli şəxsi barədə qərar verib backend

Müdafiə Nazirliyinin tabeliyində olan Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzinin Maliyyə Xidməti sabiq rəisi polkovnik-leytenant Rəşad Məlikzadənin apellyasiya şikayəti üzrə məhkəmə prosesi başa çatıb.

"Report"un məlumatına görə, Bakı Apellyasiya Məhkəməsində keçirilən prosesdə onun şikayəti təmin olunmayıb. Bakı Hərbi Məhkəməsinin hökmü dəyişdirilmədən saxlanılıb.

Xatırladaq ki, sabiq xidmət rəisi Bakı Hərbi Məhkəməsinin hökmü ilə 10 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, Rəşad Məlikzadə 26 sentyabr 2022-ci il tarixdə DTX tərəfindən saxlanılıb və barəsində Bakı Hərbi məhkəməsi tərəfindən həbs qətimkan tədbiri seçilib.

O, Cinayət Məcəlləsinin 179.4-cü (xüsusilə külli miqdarda mənimsəmə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham olunur.

İttihama görə, Rəşad Məlikzadə 2017-2018-ci illərdə "N" saylı hərbi hissədə maliyyə xidmətinin rəisi, 2018-2022-ci ilin fevralın 10-dək olan müddətdə isə Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzinin Maliyyə Xidmətinin rəisi vəzifəsində işləyib. Rəşad Məlikzadə vəzifə saxtakarlığına yol verib. O, 9 milyon 369 min manat mənimsəyib, bu məbləğdən 848 min manatını dövlət büdcəsinə ödəyib.
Həmçinin hökmlə dövlətə vurulmuş ziyanla bağlı Rəşad Məlikzadəyə məxsus təxminən 2 milyon manatlıq əmlak müsadirə edilib.
İş üzrə Maliyyə Nazirliyi zərərçəkmiş qismində tanınıb.

Diaspora