Martın 1-dən ölkə ərazisində Ramazan ayının başlaması ilə bir çox iri şirkətlər imkanı olmayan şəxslər üçün yardım kampaniyaları başladıb. Xeyriyyə adı altında bəzi şirkətlər özlərinin reklam kampaniyasını aparıb. Din xadimləri deyir ki, edilən bütün yardımların elan edilməsi önəmli deyil.
İlahiyyatçı Rza Rzayev mövzu ilə bağlı Modern.az-a deyib ki, edilən bütün işlər insanın əməlinə görədir.
"İnsanların gördüyü zahiri işə görə, biz onları sorğulaya bilmərik. Reklam və ya Allah xatirinə edilməsini şəxsin vicdanına buraxmaq ən yaxşısıdır. İnsanın məqsədi ehtiyac sahibinə kömək etmək, cəmiyyətdə yardımlaşmağı və xeyirxah ənənələri təşviq etməkdirsə, bu düzgündür. Hətta Qurani-Kərimdə bu məsələ ilə bağlı, ayə də vardır. Ayədə deyilir ki, bu məsələnin açıq və ya gizli edilməsinin heç bir önəmi yoxdur, lakin gizli edilərsə, daha müstəhəb sayılır".
Rza Rzayev bildirib ki, yardımların aşkar edilməsi cəmiyyətə müsbət əməllərin ötürülməsi funksiyasını yerinə yetirir. Digər bir ayədə deyilir ki, mallarınızı insanlara göstəriş üçün xərcləyən və Allaha, axirətə inanmayan kimsələr kimi sədəqələrinizi minnət qoymaqla heç etməyin.
Yəni, insanlar tərif almaq üçün yaxşılıq etməməlidir. Bu dinimizdə də, bəyənilməyən əməllərdən sayılır. Peyğəmbərimiz buyurub ki, gizlicə edilən sədəqə Allahın qəzəbini söndürər.”
Müsahibimiz həm də, qədim Ramazanla, müasir Ramazanın qeyd edilməsindəki fərqləri açıqlayıb.
Onun fikirlərinə görə, bəzi adətlər olduğu kimi qalır (qalmalıdır). Buna məsəl üçün, orucu batil edən əməllərin heç dəyişmədiyi aid ola bilər. Lakin, müəyyən fərqlər də qaçılmazdır. Bu da elmi və texnoloji inkişafdan qaynaqlanır.
Bunlara, Ramazan ayının başlanma və bitmə tarixləri aid ola bilər. Bu proses qədimdə göz ilə müşahidə edilirdisə, indi müasir fətvalarda teleskopik alətlər ilə müəyyən edilir. Digər fərq kimi, bəzi alimlər müalicə alan şəxslərin oruc tutmasını düzgün qəbul edirlər. İndi verilən fətvalarda mədəyə və ağız boşluğuna düşməyən əlavələri çıxmaqla, iynə qəbul edənlərin oruc tutması normal qarşılanır.