Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində Novruz bayramına həsr olunmuş “Yeni gün” adlı bayram tədbiri keçirilib.
Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən Qaziler.az-a verilən məlumata görə, əvvəlcə Mərkəzin təlimçi və benefisiarlarının müəssisənin yaradıcılıq studiyalarında müxtəlif mövzularda hazırladıqları əl işlərindən ibarət sərgi ilə tanışlıq olub.
Sərgidə bədii oyma, floristika, təsviri incəsənət, xalçaçılıq, bədii tikmə və s. tətbiqi sənət növlərində hazırlanan, Novruz bayramının atributlarını və ənənələrini əks etdirən yaradıcılıq nümunələri yer alıb.
Qeyd olunub ki, Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü ilə yaradılan Mərkəzdə hazırda həssas qruplara (şəhid ailələrinin üzvləri, müharibə ilə əlaqədar əlilliyi olan şəxslər, onların övladları, valideyn himayəsindən məhrum uşaqlar və b.) aid 159 benefisiarın müxtəlif fəaliyyət istiqamətləri üzrə bacarıqlarının inkişafına və cəmiyyətə inteqrasiyasına dəstək göstərilir. Benefisiarlar sosial-pedaqoji inkişaf və psixoloji dəstək xidmətləri ilə də təmin olunurlar.
Sonra Mərkəzin təlimçiləri və benefisiarlarının ifalarından ibarət konsert proqramı təqdim edilib, milli rəqslər, xalq və bəstəkar mahnıları, “Arşın mal alan” operettasından musiqi nömrələri ifa olunub. Musiqiçiləri dirijor Mustafa Mehmandarovun rəhbərliyi ilə İnklüziv Kamera Orkestri və Ansamblı müşayiət edib.
“Yeni gün” adlı konsert proqramında Mərkəzdə “İnklüziv DOST” altproqramı çərçivəsində fəaliyyət göstərən istedadlı könüllülər də bədii qiraət, rəqs, vokal və ifaçılıq qabiliyyətlərini nümayiş etdiriblər.
Əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev əlilliyi olan şəxslərin və digər həssas qrupların yaradıcı potensialının inkişaf etdirilməsinin, onların reabilitasiyası və cəmiyyətə inteqrasiyasının əsas prioritetlərdən olduğunu bildirib. O, DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin bu sahədə mühüm əhəmiyyətini, inklüziv cəmiyyətin inkişafına önəmli dəstək olduğunu qeyd edib. Nazir tədbir iştirakçılarını qarşıdan gələn Novruz və Ramazan bayramları münasibətilə təbrik edib, onlara xoş arzularını çatdırıb.





