Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Aparatının rəhbəri Fuad Musayev tarixi Zəfərimizlə başa çatan 44 günlük Vətən müharibəsi zamanı Xocavənd istiqamətində gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalan Anar Məmmədovun ailəsini ziyarət edib.
Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən Qaziler.az-a verilən məlumata görə, görüşdə Vətən torpaqlarının müdafiəsi uğrunda həlak olan şəhidlərin, o cümlədən şəhid Anar Məmmədovun əziz xatirəsinin daim qəlbimizdə yaşayacağı vurğulanıb. Şəhid ailələri və müharibə veteranları ilə bağlı həyata keçirilən sosial dəstək tədbirləri qeyd edilib.
Anar Məmmədovun ailəsinin bundan sonra da hər zaman dövlətin qayğısı ilə əhatə olunacağı bildirilib. Onun ailəsi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən aylıq sosial ödənişlə təmin edilir, habelə ailə üzvünün məşğulluğuna dəstək göstərilib.
Qeyd edək ki, Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə şəhid Anar Məmmədov “Vətən uğrunda”, “İgidliyə görə”, “Cəbrayılın azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif olunub.

