16 mart 2025-ci ildə Məzunlar Birliyinin təşkilatçılığı ilə Göyçay şəhər 6 nömrəli tam orta məktəbin akt zalında "Qəhrəmanlıq Varislikdir" sənədli filminin təqdimat mərasimi keçirilib.
Qaziler.az xəbər verir ki, sənədli film 1990-cı ildə 20 yanvar hadisələri zamanı Sovet rəhbərliyi tərəfindən günahsız yerə həbs edilib, Rusiyanın Ulyanovsk şəhəri həbsxanasına işgəncələr verilərək aparılan 46 nəfər azərbaycanlılar və onları böyük risk altında analoqu olmayan qəhrəmanlıq göstərərək həbsxanadan azad etdirmiş Göyçaylımız Varis Məcidov haqqındadır.
Tədbirdə Məzunlar Birliyinin üzvüləri, rayon ziyalıları, Bakıdan gələn qonaqlar iştirak edib. Aparıcılıq edən Məzunlar Birliyinin sədr müavini, həmin məktəbin tarix müəllimi Tərlan Qarayev tədbiri açıq elan edib. Əvvəlcə, Azərbaycanın ərazi bütövlüyü, suverenliyi uğrunda canlarından keçmiş Şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. İlk söz Göyçay şəhər 6 nömrəli tam orta məktəbin direktoru, şəhid bacısı Yeganə Mehdiyevaya verilib. Yeganə müəllimə tədbir iştirakçılarını salamlayıb və bu məktəbin məzunu olmuş Varis Məcidov haqqında danışıb və filmin hazırlanmasında əməyi olan hər kəsə öz təşəkkürünü bildirib.
Sonra söz filmin layihə rəhbəri və ideya müəllifi Bakı şəhəri 238 nömrəli tam orta məktəbin direktoru, Göyçayımızın vətənpərvər ziyalısı Xuraman Osmanlıya verilib. Xuraman müəllimə çıxışında öz ürək sözlərini söyləyib. Filmin ideyası və ərsəyə gəlməsi haqqında ətraflı danışıb. Sonra söz filmin yaradıcı heyətinə verilib. Filmin rejissoru, Vətən müharibəsi qazisi Nicat Cəlilov filmin quruluşu haqqında danışıb, film əsnasında filmin qəhrəmanları haqqında öz təəsüratlarını bölüşüb. Ssenari müəllifləri, Məzunlar Birliyinin həmsədrləri Bariqəm Şirəliyev və Vahid Orucov filmin hazırlanması prosesi haqqında danışıblar. Analoqu olmayan qəhrəmanlıq göstərmiş Göyçayımızın fəxri Varis Məcidov haqqında və onun xilas etdiyi 46 nəfər qəhraman alimi, gəmi kapitanları, televiziya işçiləri, dəmiryolçu və digər azadlıq hərəkatının fəalları haqqında ətraflı məlumat veriblər.
Tədbirin davamında kitab təqdimatı keçirilib. Ali məktəblər üçün "Azəbaycan tarixi" kitabı rayon Ağsaqqallar şurasının sədri Xəlil Orucova, şəhər 6 nömrəli tam orta məktəbin direktoru Yeganə Mehdiyevaya, şəhər 7 nömrəli tam orta məktəbin tarix müəllimi Aqil Kəngərliyə, RİH başçısı Natiq Ağayevə təqdim olunacaq kitab RİH əməkdaşı İsmayıl Hüseynova təqdim olunub. Hörmətli alimimiz, Məzunlar Birliyinin üzvü Təranə Abdullayevanın "Vətən fədailəri" kitabı Göyçay FM Radio redaksiyasının əməkdaşı, Məzunlar Birliyinin üzvü Gülşən Muradovaya təqdim olunub. Aydın Qasımlının türk tarixinə aid kitabı Məzunlar Birliyinin üzvü Əlirasim Əhmədova təqdim olunub.
Daha sonra sənədli filmə baxış keçirilib. Filmə baxıldıqdan sonra, film ətrafında çıxışlar başlayıb. Əvvəlcə, filmin layihə rəhbəri və ideya müəllifi Xuraman Osmanlı tədbir iştirakçılarına mesaj ünvanlayıb. Mesaj alqışla qarşılanıb. Tədbir iştirakçıları - rayon Mərkəzi xəstəxanasının həkimi Yeganə Süleymanova, şəhər 7 nömrəli tam orta məktəbin direktoru Sərvət Ağayev, şəhid qardaşı Kamran Abdullayev, Bakıdan gəlmiş qonaq, şəhid yoldaşı İradə müəllimə, rayon mədəniyyət işçisi Əlsəfa bəy çıxış edərək filmi yüksək qiymətləndiriblər və filmin ərsəyə gəlməsində əməyi olan hər kəsə təşəkkür etiblər.
Sonda Varis Məcidovun oğlu Samir Məcidov atasının xatirəsinə göstərilən diqqət və sayğıya görə minnətdarlığını bildirib, filmin yaradıcı heyətinə təşəkkür edib.
Yüksək vətənpərvərlik əhval- ruhiyyəsində keçən tədbir sona çatıb.
Qaziler.az olaraq qeyd edək ki, aprel ayında filmin Bakıda təqdimatı nəzərdə tutulur.
