Naxçıvanda Dövlət Vergi Xidmətinə işə qəbulla bağlı müsabiqə elan edilib.
"Report"un məlumatına görə, müsabiqənin keçirilməsində məqsəd Naxçıvan MR İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin aparatında, Naxçıvan şəhər və ərazi vergilər idarələrində yerləşən strukturların kadr ehtiyacını qarşılamaq, eyni zamanda potensiallı gəncləri işə cəlb etməkdir.
İşə qəbul Azərbaycan Prezidentinin 15 aprel 2005-ci il tarixli fərmanı ilə təsdiq edilmiş “Dövlət vergi orqanlarına işə qəbul olunmaq üçün namizədlərin müsabiqəsinin keçirilməsi haqqında Əsasnamə”yə müvafiq qaydada, müsabiqə əsasında aparılır. Müsabiqə test imtahanı və müsahibədən ibarət olacaq.
Müsabiqədə iştirak etmək istəyən namizədlər 18 mart 2025-ci il tarixdən 18 aprel 2025-ci il tarixədək İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin və Naxçıvan MR İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəsmi internet səhifələrində (www.taxes.gov.az və www.ntaxes.gov.az) yerləşdirilmiş elanda göstərilən elektron ərizə formasını doldurmaqla qeydiyyatdan keçməlidirlər. Müsabiqənin test imtahanı mərhələsi 17 may 2025-ci il tarixdə Dövlət İmtahan Mərkəzi tərəfindən Naxçıvan şəhərində təşkil olunacaq. İmtahandan uğurla keçən namizədlərə müsahibə mərhələsi barədə əlavə məlumat veriləcək.