Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin və Sosial Dəstək Mərkəzinin fəaliyyətinə həsr olunmuş infosessiya keçirilib.
Son illər sosial xidmətlər sistemində da islahatların aparıldığını qeyd edən əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev Prezident İlham Əliyev tərəfindən təsdiq edilmiş “Azərbaycan Respublikasında sosial xidmətin inkişafına dair 2023–2026-cı illər üçün Dövlət Proqramı”nın icrası sahəsində aparılan ardıcıl işləri qeyd edib.
Sosial xidmətlərin əhatəsinin genişlənməsi, həssas qrupların sosial xidmətlərə əlçatanlığının artırılması, bu sahədə ixtisaslı kadr potensialının formalaşdırılması innovativ həllərin tətbiqinin və s. əsas hədəflərdən olduğu bildirilib.
Ötən il Sosial Xidmətlər Agentliyinin 21 sosial xidmət müəssisəsində 3356 nəfərə xidmət göstərildiyi, qurumun sosial sifarişləri üzrə icra olunan layihələr çərçivəsində 15,8 min nəfərin reabilitasiya yönümlü sosial xidmətlərlə əhatə olunduğu qeyd edilib. Həmçinin son bir ildə Agentlik tərəfindən 4,5 mindən çox tənha ahıl və əlilliyi olan şəxsə evlərində sosial-məişət xidməti göstərildiyi, daha 271 repatriantla sosial reabilitasiya işi aparıldığı diqqətə çatdırılıb.
Məişət zorakılığından zərər çəkmiş, penitensiar müəssisələrdən azad olmuş şəxslər və digər həssas qruplara göstərilən xidmətlərdən, övladlığagötürmə və “Himayədar ailə” qayğı modelinin tətbiqi sahələrində görülən işlərdən bəhs olunub.
Hazırda Bakı və Sumqayıt şəhərlərində, Abşeron rayonunda 5 sosial xidmət mərkəzinin fəaliyyət göstərdiyi, bu il paytaxt və bölgələrdə daha 5 sosial xidmət mərkəzinin, bir sıra bölgələrdə yeni günərzi qayğı mərkəzlərinin yaradılacağı qeyd edilib. Qurulmaqda olan “Sosial işin idarə edilməsi” elektron sisteminin bu il istifadəyə verilməsinin planlaşdırıldığı bildirilib.
Sosial Dəstək Mərkəzi tərəfindən şəhid ailələri, dövlət uşaq müəssisələrinin valideyn himayəsindən məhrum olmuş məzunları, ahıl və əlilliyi olan şəxslər, digər həssas qruplarla bağlı həyata keçirilən layihələrdən bəhs olunub. Gender əsaslı cinsi seçimi ilə mübarizə, məişət zorakılığı hallarının qarşısının alınması tədbirləri çərçivəsində Mərkəzin apardığı işlər diqqətə çatdırılıb.
Habelə Sosial Dəstək Mərkəzinin reinteqrasiya yönümlü tədbirlərini davam etdirdiyi vurğulanıb. Qurumun çətin tərbiyə olunan uşaqlarla sosial pedaqoji işin təşkili, valideynlik bacarıqlarının artırılması ilə bağlı çoxfunksiyalı müdaxilə, aztəminatlı ailələrin övladlarının təhsilinə dəstək yönümlü layihələrindən bəhs olunub.
İnfosessiyada qeyd edilən sahələrdə görülən işlər və qarşıda duran vəzifələr müzakirə edilib.
